Məlum olduğu kimi, ölkə daxilində döyüş və vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsində, erməni yalanlarının ifşasında, düşmənin informasiya təxribatlarının de-şifrə edilməsində Azərbaycan mediasının üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Bu mənada cəbhə xəttindəki məlum gərginlik fonunda mediada da ciddi aktivlik müşahidə edilməkdədir.
Təmas xəttində hərbi
toqquşmaların davam etdiyi indiki dönəmdə media öz fəaliyyətini hansı prinsiplər
üzərində qurmalıdır? Mövcud situasiyada
medianın üzərinə hansısa əlahiddə vəzifə və öhdəliklər düşürmü?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış media eksperti Elçin Şıxlı jurnalistlərin
iş prinsipində hansısa dəyişikliyin yalnız hərbi və ya fövqəladə vəziyyətin
elan edilməsinə şəraitində baş verə biləcəyini vurğuladı:
“Jurnalist peşə kodeksinə
uyğun şəkildə hərəkət etməlidir. Əgər iş prinsipində hansısa dəyişiklik
olmalıdırsa, o zaman rəsmi şəkildə ya fövqəladə, ya hərbi şərait elan edilməlidir.
Açıq şəkildə bildirilməlidir ki, bu gündən etibarən bu məsələlər haqqında
yazmaq olar, bu məsələlər haqqında isə yox. Bu zaman qeyd etdiyim kimi, hansısa
rəsmi mənbəyə istinad eləmək lazımdır. Hələ ki, rəsmi şəkildə belə bir vəziyyət
yoxdur.
Təxminən 7-8 ay bundan əvvəl
də cəbhə xəttində bir gərginlik yaranmışdı. O zaman media sərbəst şəkildə cəbhədəki
vəziyyətlə bağlı mövzular işlədi. Sonradan bildirdilər ki, rəsmi mənbələtə
istinad etək lazımdır, özbaşına yazılar yazmaq olmaz”x9d.
Ekspertin sözlərinə görə,
Azərbaycan informasiya müharibəsində təşəbbüsü ələ almaq üçün öz çeviklik və
operativliyini artırmalıdır:
“Məsələ bundadır ki, son
hadisələr fonunda da rəsmi mənbələr informasiyaları gecikmələrlə çatdırdı. Ermənilər
və ruslar bizdən daha çevik işlədi. Biz yalnız sonradan reaksiya verməyə
başladıq. Unutmamalıyıq ki, belə bir vəziyyətdə Silahlı Qüvvələrin müharibəsi
ilə yanaşı, həm də informasiya müharibəsi gedir. Informasiya müharibəsi isə o
deməkdir ki, xəbəri verəndə gərək hər kəsi önləyəsən. Düşmən ağzını açmağa
macal tapmamış onu qabaqlamalısan. Bu, informasiya müharibəsinin əsas tələblərindən
biridir”x9d.
Seymur Əliyev



































































































