Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya PUA-sının Ukraynanın dəmir yolu şirkəti “Ukrzaliznıtsya”ya məxsus qatarı atəşə tutmasından sonra hadisəni şərh edib. Hadisə zamanı siyasətçi də hücuma məruz qalan qatardan çox uzaqda olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Conson “X” sosial şəbəkəsində yazıb.
“Avropa, xüsusilə də Böyük Britaniya Rusiyanın silahlı təcavüzünə son qoymaq üçün dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməlidir”, – deyə o, əlavə edib.
“Putini bu səhər Polşa sərhədində hərəkətsiz vəziyyətdə olan Ukrayna lokomotivini partlatmağa vadar edən məntiqin nə olduğunu bilmirəm. Əminliklə deyə biləcəyimiz bir şey var – ukraynalılar hər gün belə hücumlarla üzləşirlər”, Conson bildirib.
O, Ukraynanın Qərb tərəfdaşlarından çox az sayda hava hücumundan müdafiə vasitəsi almasına qəzəbini ifadə edib. O, həmçinin Belçikadakı depozitdə saxlanılan 140 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin, yaxud heç olmasa Londonda saxlanılan 10 milyard funt sterlinqin Ukraynaya verilməsinə çağırıb.
“Ukraynalılar qalib gələcəklər – bu, son üç gündə onların möhtəşəm ölkəsində baş verənlərdən aydın oldu. Lakin hamımız buna ciddi yanaşsaq və onlara ehtiyac duyduqları, eləcə də layiq olduqları şeyi təqdim etsək, bu dəhşətli müharibəyə daha tez son qoya bilərik”, – siyasətçi əlavə edib.
UNİAN-ın yazdığına görə, ötən gecə Rusiya Ukraynaya kütləvi zərbələr endirib. Hücumlar zamanı, xüsusilə Volın vilayətində Polşa ilə sərhəddəki keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsi, həmçinin Polşa sərhədindən 2 kilometr məsafədə olan sərnişin qatarı vurulub.
Sonradan məlum olub ki, Rusiya zərbəsi Boris Consonun və Avropa hökumətlərinin müşavirlərinin olduğu xüsusi qatara da az qala tuş gəlib.
Onların arasında Kiyevdə keçirilən və Rusiya ilə mümkün sülh danışıqlarının müzakirə edildiyi YES konfransından qayıdan Almaniya kanslerinin müşaviri Günter Zautter də olub.
Xoşbəxtlikdən sərnişinlər vaxtında təxliyə edilib. Nəticədə xarici qonaqlar yalnız qorxu içində canlarını qurtarıblar.
Bizim.Media

































































































