Yaponiyanın Hokkaydo adasındakı Kuşiro şəhərində yerli sakinləri uzun müddətdir qorxu altında saxlayan 52 yaşlı Rusiya vətəndaşı Nikolay Roqov polis tərəfindən həbs edilib. O, ölkədə xüsusi cinayətkar qruplaşma yaratmaqda ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb.
Yerli polis N.Roqovu körpülərin üzərindəki bürünc ad lövhələrini oğurlayan mütəşəkkil dəstənin təşkilatçısı elan edib. O, oxşar oğurluqlardan birini 2025-ci ildə təşkil edib – həmin vaxt onun əlaltıları Kumamoto prefekturasındakı körpüdən təxminən 14,7 min rubl (təbii metal dəyəri ilə) qiyməti olan "Fukuyama" lövhəsini sökərək aparıblar. Dəstə üzvləri qənimətləri metal qəbulu məntəqələrinə satıblar. Yaponiyada bu növ lövhələr qiymətli metallardan hazırlandığı üçün analoji oğurluq hallarına tez-tez rast gəlinir.
İstintaqın qənaətinə görə, rusiyalı daha böyük bir cinayətkar şəbəkənin rəhbəri olub. Əməliyyat zamanı onunla birlikdə iki yerli Yaponiya vətəndaşı da saxlanılıb və onlar artıq günahlarını etiraf ediblər. Lakin qruplaşmanın rəhbəri sayılan Roqov ittihamları rədd edərək hansı oğurluqlardan söhbət getdiyini anlamadığını iddia edir.
Nikolay Roqov Yaponiya polisinin "köhnə tanışıdır". Cəmi bir il əvvəl o, başqasına məxsus avtomobili evakuator vasitəsilə qaçırmağa cəhd edərkən yaxalanıb. Həmin vaxt rusiyalı residivist polisə verdiyi izahatda maşını satmaq niyyətində olduğunu bildirərək, "elə bildim ki, onu pulsuz götürə bilərəm" deyə qəribə bəhanə gətiribmiş.
Bizim.Media




































































































