
- A-
- A
- A+
“Xaqani Şirvani və İraq” mövzusunda elmi müzakirə keçirildi – Foto
“Xaqani Şirvani və İraq” mövzusunda elmi müzakirə keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan Mərkəz sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Prezident İlham Əliyevin 28 yanvar 2026-cı ildə Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. O, il ərzində ölkəmizdə və ölkəmizdən kənarda Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunan tədbirlərə, alimlərin apardığı elmi tədqiqatlara toxunub.
Orxan İsayev qeyd edib ki, Xaqani ilə bağlı hələ sovet dövründə də ciddi elmi araşdırmalar aparılıb. Lakin Prezidentin müvafiq Sərəncamından sonra Xaqani Şirvani irsinə yeni aspektlərdən yanaşmalar müşahidə olunub. Onun sözlərinə görə, keçirilən elmi müzakirə də bu tədbirlər sırasındadır.
Mərkəz sədri İraqın Xaqani Şirvaninin həyat və yaradıcılığında xüsusi rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, təsadüfi deyil ki, mütəfəkkir şairin ən böyük əsərlərindən biri İraqa həsr olunub və “Töhfətül-İraqeyn” adlanır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında, xüsusilə Ədəbiyyat İnstitutunda Xaqani Şirvani ilə bağlı aparılan tədqiqatlardan, çap olunan kitablardan və məqalələrdən danışıb. O, Prezidentin Sərəncamının xaqanişünaslığa yeni nəfəs gətirdiyini qeyd edib.
Görkəmli alim, professor İmamverdi Həmidov Xaqaninin İraqda keçirdiyi illərə, burada görüşdüyü şəxslərə münasibətinə və yazdığı əsərlərə toxunub. O, İraqın və İraq türkmanlarının Xaqani Şirvaninin həyatında mühüm rol oynadığını vurğulayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Könül Hacıyeva Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun ədəbi məktəbinin sonrakı illərdə hansı istiqamətdə davam etməsi ilə bağlı fikirlərini bölüşüb.
Filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova Xaqani Şirvaninin ərəbdilli yaradıcılığına toxunub, şairin məktubları ilə bağlı bir sıra yeni məlumatlar verib. O, Xaqaninin ərəbdilli yaradıcılığının və məktublarının son illərdə aparılan elmi tədqiqatlar nəticəsində daha dərindən öyrənildiyini qeyd edib.
Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova isə Xaqani Şirvani yaradıcılığının tədrisi məsələlərindən danışıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.











































































































