
- A-
- A
- A+
Adına evi olan şəxslərin nəzərinə
Mənzildə hansı təmir işlərini icazəsiz aparmaq mümkündür, hansı dəyişikliklər isə əvvəlcədən razılaşdırılmalıdır?
Bizim.Media “ajans.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində cari təmir, əsaslı təmir və yenidənqurma ayrı-ayrı anlayışlar kimi müəyyən edilib.
Cari təmir konstruksiyalarda və mühəndis-kommunikasiya sistemlərində dəyişiklik edilmədən, obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə həyata keçirilən işləri əhatə edir. Bu çərçivədə divarların rənglənməsi, divar kağızlarının dəyişdirilməsi, döşəmənin yenilənməsi, qapıların dəyişdirilməsi və digər kosmetik işlər, bir qayda olaraq, konstruktiv dəyişiklik hesab edilmir.
Lakin mənzilin planına müdaxilə, divarların sökülməsi, yeni qapı və pəncərə yerlərinin açılması, mühəndis-kommunikasiya sistemlərinin yerinin dəyişdirilməsi kimi işlər fərqli hüquqi tələblərə səbəb ola bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması texniki pasportda dəyişiklik edilməsini tələb edən konstruktiv elementlərin, o cümlədən daşıyıcı divarların, dirəklərin, mərtəbələrarası arakəsmələrin, pilləkənlərin və binada bir neçə yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsi ilə bağlı ola bilər.
Məcəllənin 24-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması müvafiq razılaşdırmanı həyata keçirən orqanın qərarı əsasında aparılır. Bunun üçün ərizə, mülkiyyət hüququnu təsdiq edən sənədlər, layihə və texniki pasport kimi sənədlər təqdim edilməlidir.
Xüsusilə yükdaşıyan divarlara müdaxilə, balkonun mənzilə birləşdirilməsi, fasadın dəyişdirilməsi və ümumi kommunikasiya sistemlərinə müdaxilə zamanı işə başlamazdan əvvəl hüquqi və texniki tələbləri dəqiqləşdirmək vacibdir.
Mənzil sahibinin öz əmlakında dəyişiklik etmək hüququ olsa da, bu hüquq binanın təhlükəsizliyinə, konstruktiv dayanıqlığına və digər sakinlərin hüquqlarına zərər vurmaq imkanını vermir.
Beləliklə, mənzildə təmirə başlamazdan əvvəl görüləcək işlərin sadə kosmetik təmir, əsaslı təmir, yoxsa yenidənqurma hesab edildiyini müəyyənləşdirmək, zəruri hallarda isə müvafiq razılaşdırma və layihə sənədlərini hazırlamaq tövsiyə olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































