
- A-
- A
- A+
Qazaxıstanda yüksək vəzifəli şəxslər saxlanıldı
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Korrupsiyaya Qarşı Mübarizə Xidməti “Kazatomprom” milli şirkətinin idarə heyətinin üzvü Kuaniş Omarbekovu saxlayıb.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü MTK-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il noyabrın 23-də MTK-nın Korrupsiyaya Qarşı Mübarizə Xidməti “Kazatomprom” SC-nin idarə heyətinin üzvü K.Omarbekovu və digər şəxsləri saxlayaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirib.
Məlumata görə, onlar “Samruk-Kazına” fondunun keçmiş rəhbərliyi tərəfindən təşkil edilmiş korrupsiya sxemində iştirakda şübhəli bilinirlər.
Qurum əlavə edib ki, Qazaxıstan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda və ya cinayətkar qrup tərəfindən rüşvət vermə) üzrə məhkəməyədək istintaq aparılır.
Bundan əvvəl “Kazatomprom” milli şirkəti məlumat vermişdi ki, noyabrın 24-də direktorlar şurası idarə heyətinin üzvləri – baş kommersiya direktoru Vladislav Bayqujinin və baş əməliyyat direktoru Kuaniş Omarbekovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.
Kuaniş Omarbekov 2023-cü ildən “Kazatomprom”da bu vəzifəni tuturdu.
Xatırladaq ki, “Samruk-Kazına” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin rəhbəri Eljas Otinşiyev, eləcə də korrupsiya cinayətində şübhəli bilinən digər şəxslər noyabrın 11-də Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıblar.
Daha sonra məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib. “Samruk-Kazına”nın direktorlar şurasının sədri də olan Qazaxıstanın Baş naziri Olcas Bektenov dövlət fonduna yeni rəhbərin tezliklə təyin ediləcəyini açıqlayıb.
“Samruk-Kazına” fondu Qazaxıstanın neft-qaz, nəqliyyat-logistika və energetika sahələri də daxil olmaqla strateji aktivlərini idarə edir.
“Kazatomprom” SC uran hasilatı, nadir metalların emalı, berillium və tantal məhsullarının istehsalı və satışı ilə məşğuldur. Şirkətin istehsal etdiyi məhsulların 100 faizi ixrac olunur.
Şirkət dövlətin nəzarətindədir. Səhmlərin 62,99 faizi “Samruk-Kazına” dövlət fonduna, 12,01 faizi Qazaxıstanın Maliyyə Nazirliyinə məxsusdur. Sərbəst dövriyyədə olan səhmlərin payı isə 25 faizdir.
“Kazatomprom” 2026-cı ilin yanvar-sentyabr aylarında uran hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıraraq 20 min 508 tona çatdırıb. Satış həcmi də 10 faiz artaraq 14 min ton olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































