
- A-
- A
- A+
Gürcüstandan avtomobil gətirənlərə xəbərdarlıq
Gürcüstandan avtomobillərin təkrar ixracı (re-ixracı) üçün 450 lari (təxminən 174 dollar) məbləğində yeni xidmət haqqı tətbiq edilib.
Gürcüstanın Gəlirlər Xidməti tərəfindən tətbiq olunan yeni ödəniş 2026-cı il noyabrın 16-dan qüvvəyə minib.
Yeni rüsum minik avtomobillərinin təkar ixracının gömrük rəsmiləşdirilməsinə şamil olunur.
Gürcüstanın BM.GE nəşrinin məlumatına görə, indiyədək avtomobillərin təkrar ixracı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində təxminən 600 lari məbləğində ödəniş həyata keçirilirdi. Yeni 450 larilik xidmət haqqının əlavə olunması ilə bir avtomobil üzrə ümumi rəsmiləşdirmə xərcləri təxminən 1050 lariyə çatacaq.
Qeyd edək ki, Gürcüstan Azərbaycan üçün avtomobillərin əsas re-ixrac istiqamətlərindən biridir. 2026-cı ilin ilk doqquz ayında Gürcüstandan Azərbaycana 150 milyon dollar dəyərində avtomobil ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.
Yeni rüsumun Azərbaycana gətirilən avtomobillərin qiymətinə və Gürcüstan üzərindən avtomobil ticarətinin həcminə təsir edəcəyi gözlənilir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Gürcüstandan Azərbaycana avtomobillərin gətirilməsi son zamanlar azalsa da, hələ də əsas daşınma istiqamətlərindən biri olaraq qalır:
“Ona görə də Gürcüstanda bəzi rüsumların artırılması avtomobillərin qiymətlərinə təsirsiz qalmayacaq. Çünki bu rüsumun son ödəyicisi yenə də alıcı olacaq. Avtomobil gətirən bu rüsumu ödəsə də, sonda bu xərc maya dəyərə əlavə olunur. Nəticədə, son alıcı daha baha qiymətə avtomobil alır. Ona görə də Gürcüstandan tətbiq edilən yeni rüsumlar bu ölkədən Azərbaycana gətirilən avtomobillərin qiymətini artıracaq”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































