Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib.
Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, əvvəlcə sürücü onlara həddindən artıq yüksək hesab etdikləri qiymət "oxuyub", buna baxmayaraq, onlar yenə də yola davam ediblər.
Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib.
Onlar razılaşmadıqda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki "Mercedes Viano" modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.
Əcnəbi vətəndaş bildirib ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yola bu şəkildə davam etməyə hazır olduqlarını deyib.
Daha sonra sürücüdən düşəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü isə təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən o və həyat yoldaşı artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə səfəri davam etdirmək istəmədiklərini deyərək, Elşəndən onları elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü isə onların düşməsinə icazə vermək əvəzinə, maşını kilidləyib və ər-arvadın avtomobildən çıxmasına imkan verməyib.
Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici ölkədə bu vəziyyətdə özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər.
Nəticədə avtomobildən çıxmaq üçün qapını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü söyüş söyməyə və onlara qarşı kobudluq göstərməyə başlayıb. Elşən Bağırov isə ifadəsində heç bir günahının olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvana çatdırmaq üçün 10 manat ödəniş təklif edib.
Əvvəlcə razı olmasalar da, sonradan onun idarə etdiyi "Mercedes Viano" markalı avtomobilə miniblər.
O bildirib ki, sərnişinlər ondan kondisioneri qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün onu qoşmayıb. Hakimin "Bəs nə üçün onlar səndən şikayət ediblər?" sualına isə Elşən "Onların şikayəti əsassızdır", - deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə səfərin 2-3 dəqiqə davam etdiyini, onlar düşəndə isə "Nə yaxşı ki, belə adamlardan uzaq oldum", - dediyini bildirib.
Hakimin "2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?" sualına isə Elşən "Onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm", - deyə cavab verib. Son sözündə E.Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfə belə hadisə yaşadığını deyərək işə xitam verilməsini istəyib. Məhkəmənin qərarı ilə E.Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:53 / 26.09.2026
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
638949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































