Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

Hazırda oxunan: Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

638550

Azərbaycanda 4 Pəri Qalasından ən “dəlisov”u Zaqatalada yerləşən Yuxarı Çardaqlar kəndi yaxınlığındadır. “Dəlisov” sözünü bədii deyil, elə birbaşa qəbul etsək, əlçatmaz, ünyetməz qayanın içinə oyulmuş bu kiçik məqbərənin necə tikildiyi min illərdir ki, bəlli deyil. Xangildağın ətəyində yerləşən bu qala eramızın III-IV əsrlərində tikilib. Qayalıq üzərində yerləşən, üç otaqlı, təxminən 30 m²-lik qeyri-adi quruluşdur.

Qalan o biri “pərilər” isə çox uzağa getməyib, Balakənin Xalatala kəndi yaxınlığında,  Qullar kəndi ərazisində və Qaxın Güllük ərazisində özlərinə əbədi yer ediblər.

Ümumiyyətlə, bu pərilər diyarında qalalarla bağlı maraqlı əfsanələr dolaşır. Rəvayətə görə, Teymurləngin qoşunları əraziyə hücum edərkən qalaya Pəri adlı qadın rəhbərlik edirmiş. Rəvayətə əsasən, Pəri təslim olmaqdan imtina edir. Qala ələ keçirilərkən düşmənin əlinə düşməmək üçün özünü qayadan atır və bundan sonra qala “Pəri Qalası” adlandırılır.

Başqa rəvayətdə isə deyilir ki, elin gözəl qız-gəlinlərini düşmən əlinə keçib namusu ləkələnməsin deyə, bu əlçatmaz qalaya müvəqqəti yerləşdirərmişlər. Xalq təfəkkürü genişdir, amma qalanın tikilmə tarixinə uyğun gəlmir. Teymurləngin XIV əsrdə yaşadığını, qalanın isə III-IV əsrdə tikildiyini nəzərə alsaq, bu rəvayətlər sadəcə xalq yaradıcılığının gözəl nümunələri kimi qəbul edilə bilər.

Həm müdafiə qalası, həm ibadət yeri

Tədqiqatçılar isə qalanı Qafqaz Albaniyası dövrü ilə əlaqələndirirlər. Pəri Qalasının sadəcə həm müdafiə qalası kimi, həm də dini ibadət yeri kimi oyulduğu güman edilir.

Qalanın əsas xüsusiyyəti budur ki, tikintidə daşdan istifadə olunmayıb. Qaya massivinin özü çapılıb, oyulub və içərisində otaqlar yaradılıb. Yəni bir növ qayanın içindən məkan düzəldiblər.

 

Dünyada Pəri Qalasına bənzər, qayadan oyularaq yaradılmış tikililər çoxdur. Bunun ayrıca memarlıq növü də var: rock-cut architecture adlanır. İordaniyanın məşhur Petra tarixi məkanı da, başdan-başa qayalıqların içindən məbədlər, məzarlar və digər tikililərdən ibarətdir.  Hazırda Türkiyədə yerləşən qədim Kapadokyada da insanlar yumşaq vulkanik qayalarda evlər, kilsələr, monastırlar və hətta yeraltı şəhərlər yaradıblar.

 

Bu qalanın yerləşdiyi Zaqatalanın isə nəinki Azərbaycan tarixində ümumilikdə Qafqaz Albaniyasında özünəməxsus yeri olub. Şəhər coğrafi relyefinə görə, ümumilikdə müdafiə xarakteri daşıyıb. E. ə. VII əsrin əvvəlində Kimmer-Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışdılar və bu ərazi Kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Saklar Mərkəzi Asiya və Şərqi İran çöllərində yaşayan köçəri və yarımköçəri tayfalardır. Onlar təxminən e.ə. I minillikdə tarix səhnəsində görünürlər. Yunanlar onlara skiflər deyib.
 

Azərbaycan Yaxın Şərqdə mühüm keçid zonalarından biri olub

Kimmer-Skit dalğası Avrasiya çöllərindən Qafqaz və Yaxın Şərqə doğru baş verən köçlər, hərbi yürüşlər və tayfa hərəkətləri silsiləsini ifadə etmək üçün işlədilir. Buradakı “dalğa” sözünü bir anda baş verən vahid köç kimi yox, müxtəlif qrupların ardıcıl hərəkəti kimi başa düşmək daha düzgündür. Bu hadisələr təxminən 2800-2700 il əvvəl baş verir və həmin dövrdə Azərbaycanın yerləşdiyi ərazi şimal çölləri ilə Yaxın Şərq arasında mühüm keçid zonalarından biri idi. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi.

1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olub, 1830-cu ildə isə Zaqatala qalası tikilib.  Yazıçı Qılman İlkinin “Qalada üsyan” romanı Zaqatala qalasında baş vermiş 1907-ci il hadisələrindən bəhs edir. Romanın əsasında real tarixi hadisələr dayanır. 1966-cı ildə lentə alınmış “Yenilməz batalyon” filmi də məhz bu romanın motivləri əsasında çəkilib.

1840-cı ildən Zaqatalaya şəhər statusu verilib, 1930-cu ildə isə Zaqatala inzibati rayonu yaradılıb.

Toponimin mənasına gəlincə, Zaqatala sözünün yaranmasına dair bir neçə rəvayət var. Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasını təşkil edir. İkinci bir rəvayətə görə isə guya qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülmüş və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq Tala açmış və özünə ev tikmişdir. Həmin ərazini yerli əhali "Zəkəritala", qısaca “Zəkətala” adlandırıb. Sonralar bu adda kənd salınıb və zaman keçdikdə ad öz toponimiyasını dəyişərək indiki Zaqatala halına gəlib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO