Ölkəmiz daha bir beynəlxalq tədbirə möhtəşəm ev sahibliyi etdi. Mayın 17-dən 22-dək Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) uğurla təşkil olundu. Dünya gündəmini zəbt edən tədbirə dünyanın 176 ölkəsindən 57 mindən artıq insan onlayn və oflayn şəkildə qatıldı. Bununla da WUF tarixində ziyarətçilərin və ölkələrin sayına görə yeni bir rekorda imza atıldı.
Mövzuların aktuallığı və təşkilatçılığın yüksək səviyyədə olması dünya mediasının xüsusilə diqqətini çəkdi. Təsadüfi deyil ki, WUF13 çərçivəsində keçirilən forum və sessiyaları 1000-dən artıq jurnalist işıqlandırdı. Həmin jurnalistlər yerli və dünyanın aparıcı xəbər agentliklərinin və televiziyaların əməkdaşları idi.
Uğurlu təşkilatçılıq təcrübəsi
Qeyd edək ki, COP29-un uğurlu təşkili WUF13 üçün həm təşkilati, həm də institusional baza yaratdı. Bu iki tədbir arasında yaradılan strateji əlaqə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və ölkəni qlobal qərarvermə mərkəzlərindən birinə çevirir. WUF13 hazırlıq prosesində tətbiq olunan rəqəmsal həllər və innovativ idarəetmə mexanizmləri Azərbaycanın dövlət idarəçiliyində müasir yanaşmaların geniş tətbiq edildiyini bir daha göstərdi.
Bundan əlavə, mövzu genişliyi və iştirakçı çoxluğu ilə WUF13 bu günədək keçirilmiş ən genişmiqyaslı sessiyası kimi tarixə düşdü. Bu da onu sübut edir ki, Bakı qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfliliyi təşviq edən vacib platforma rolunu çox uğurla oynayır. COP29-dan sonra ölkədə belə bir qlobal tədbirin yüksək səviyyədə təşkili rəsmi Bakının beynəlxalq müzakirələr üçün ən yaxşı platforma olduğunu bir daha sübut etdi.
Qonaqlar Bakıdan hansı təəssüratlarla ayrıldı?
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "WUF13 QHT forumu: qlobal tərəfdaşlıqlar və qərarvermə" adlı tədbirdəki çıxışında Bakıdakı təşkilatçılığı çox yüksək qiymətləndirib:
“Təşkilatçılıq yüksək səviyyədədir. Ən əsası bu dəfəki forumda daha çox məsələlər müzakirə mövzusuna çevrilib. Məsələn Birinci Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Birinci QHT Forumunu təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirəm. Bu, bir ilkdir”.
Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Bakıda keçirilən tədbirlərə dünya dövlətlərin liderləri həvəslə qatılır və razılıqlarını məmnunluqla dilə gətirirlər. Məsələn, Gürcüstanın baş naziri İrakli Kobaxidze WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bəyan etdi ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib:
“Azərbaycan Respublikasına qonaqpərvərliyə və WUF13-ün Bakıda mükəmməl təşkilinə görə təşəkkürümü bildirirəm”.
Kobaxidzenin sözlərinə görə, bu forum təhlükəsiz və inklüziv icmaların formalaşdırılması istiqamətində təcrübə mübadiləsi üçün mühüm platformadır.
Qambiyanın Banjul şəhərinin meri və “REFELA” Africa şirkətinin prezidenti Rohey Malik Lov isə deyib ki, Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirir:
“Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı. Azərbaycan hökumətinə, həmçinin forumun təşkilində iştirak edən könüllülərə və bütün tərəfdaşlara minnətdarlığımı ifadə edirəm. Onların mehribanlığı və peşəkarlığı tədbirin uğuruna mühüm töhfə verir”.
Azərbaycan modelinə qlobal maraq
WUF13-ün yüksək səviyyədə təşkili, müzakirə edilən mövzuların aktuallığı və təqdimatlar sübut etdi ki, Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə çox gözəl töhfələr verə bilər və ən əsası bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir.
Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13 Liderlər Sammitində deyib ki, şəhərlərdə həddindən artıq sıxlıq, parklanma və nəqliyyat problemlərinin texnoloji yanaşmalarla həlli tam mümkündür:
“Bakı bu sahədə tətbiq olunan yeniliklərlə nümunəyə çevrilib. Elektrikli avtobusların və elektrik nəqliyyatının tətbiqi baxımından Bakıya böyük maraqla baxırıq. Bu istiqamətdə layihələrimizin inkişafı üçün Azərbaycanla gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Bakıdan verilən mesajlar
WUF13-ün yüksək səviyyəli təşkili bir sıra aktual məqamları dünya ictimaiyyətinə çatdırdı:
- İlk növbədə bir daha sübut olundu ki, Azərbaycan beynəlxalq təşkilatlar və dünya dövlətləri üçün etibarlı tərəfdaşdır.
- Azərbaycan sivilizasiyanı narahat edən ən xırda problemə həssaslıqla yanaşır, özünü bu problemlərin kənarında tutmur. İnsanlıq və ümumi rifah naminə istənilən layihəyə Azərbaycan hər zaman dəstək olmağa və ev sahibliyi etməyə hazırdır.
- Azərbaycan qlobal əhəmiyyətli və genişmiqyaslı tədbirlərin uğurla təşkili sahəsində yüksək potensiala və təcrübəyə malikdir.
Təsadüfi deyil ki, WUF13-ün keçirildiyi 6 gün müddətində hər hansı bir insident, xoşagəlməz hadisə yaşanmadı. İştirakçılar və izləyicilər ancaq pozitiv ab-havada sivilizasiyanı narahat edən qlobal urbanizasiya problemlərini rahat və əhatəli şəkildə müzakirə etdilər.
Beləcə, Azərbaycan bu mötəbər tədbirə uğurla ev sahibliyi etməklə növbəti dəfə adından söz etdirməklə yanaşı, dünyanı narahat edən şəhərsalma və mənzil problemlərini qlobal ictimaiyyətin diqqətinə çatdırdı. Argentinalı memar Ana Falunun təbirincə desək Bakı səmimiyyət və güc ruhu ilə dünyanı ayaqda olmağa səslədi...
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 23.05.2026
Rekord iştirak, qlobal həmrəylik mesajı - Bakı beynəlxalq məsələlərin müzakirəsində uğurlu PLATFORMA ROLUNDA
Hazırda oxunan: Rekord iştirak, qlobal həmrəylik mesajı - Bakı beynəlxalq məsələlərin müzakirəsində uğurlu PLATFORMA ROLUNDA
Hazırda oxunan: Rekord iştirak, qlobal həmrəylik mesajı - Bakı beynəlxalq məsələlərin müzakirəsində uğurlu PLATFORMA ROLUNDA
614929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































