Moderator.az xəbər verir ki, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı son günlər vətəndaş cəmiyyəti fəallarına qarşı həyata keçirilən təqib və təzyiq kampaniyaları, sifarişli məhkəmə hökmləri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir;
“Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etməsinə, bu yaxınlarda ATƏT PA- nın növbəti sessiyasının Bakıda keçirilməsinə, eləcə də son günlər bir sıra beynəlxalq nüfuzlu təşkilatların haqlı tənqidlərinə məruz qalmasına baxmayaraq Azərbaycan höküməti insan haqlarının pozulması, ictimai fəalların təqib və təzyiqlərə, qanunsuz həbslərə məruz qalması siyasətini davam etdirir.
04 iyul 2014- cü il tarixdə gənc fəal, bloger Ömər Məmmədov barəsində Bakı Agır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılov tərəfindən çıxarılmış 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə hökmünü "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı olaraq şiddətlə qınayır, bu hökmü siyasi sifariş kimi qiymətləndiririk.
Gəncəbasar bölgəsində fəaliyyət göstərən "Kamil Vətəndaş" İctimai Birliyin rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynli barəsində Gəncə şəhər Nizami rayon məhkəməsi tərəfindən baxılan qondarma cinayət işində dövlət ittihamçısının onun haqqında məhkəmə heyətindən qanunsuz olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb etməsini hakimiyyətin sifarişi hesab edir və şiddətlə qınayırıq.
İyulun 9- da Bakı Apellyasiya Məhkəməsi tanınmış hüquqşünas Qurban Məmmədovun appelyasiya şikayətinə baxaraq Nəsimi rayon məhkəməsinin 06 dekabr 2013- cü il hökmünü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsi bir sıra qanun pozuntuları ilə aparılıb, müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər və sübutlar araşdırılmayıb. Məhkəmə Q. Məmmədov haqqında hakimiyyətin verdiyi siyasi qərarı yerinə yetirib.
Hakimiyyət ictimai siyasi fəallar haqqında qanunsuz və fantastik məhkəmə hökmləri çıxarmaqla yanaşı azadlıqda olan digər fəallara qarşı da təqib kampaniyasını davam etdirir. Sülh və Demokratiya İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun sənədlərini qanunsuz olaraq əllərindən alan hakimiyyət onları susdurmaq üçün müxtəlif təzyiq və təqib metodlarına əl atır. Onları tez- tez istintaqa çağırır, qisasçı münasibət nümayiş etdirir.
Hesab edirik ki, Leyla Yunus ailəsinə qarşı olan təzyiqlər ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyətinə olan təzyiqlərin tərkib hissəsidir.
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən vətəndaş cəmiyyəti fəallarına qarşı həyata keçirilən təqib və təzyiq kampaniyalarının dayandırılmasını, sifarişli məhkəmə hökmlərinin ləğv olunmasını, qanunsuz həbs həyatı yaşayan çoxsaylı siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edir”.



































































































