"Bu uğur öz başlanğıcını Anarın məktublarından götürüb..."

Hazırda oxunan: "Bu uğur öz başlanğıcını Anarın məktublarından götürüb..."

115826
Anar Şuşada yaradıcılığa başlayanda, ilk hekayələrini yazanda 1952 - ci il idi və mən yenicə doğulmuşdum. Onun "Keçən ilin son gecəsi", "Bayram həsrətində", "Gürcü familiyası" hekayələrini, "Ağ liman", "Molla Nəsrəddin - 66" kitablarını oxuyanda isə yeniyetmə idim, cəmi on beş yaşım var idi. Şamaxı ədəbi mühitinə qaynayıb qarışmışdım, hətta tez - tez "Gənc Sabirçilər" ədəbi məclisinə gələn Rəsul Rza, Əzizə Cəfərzadə, Məsud Əlioğlu, Tofiq Bayram kimi ustadların qarşısında ilk qələm təcrübələrimi oxumağa da cəsarətim çatırdı. Görkəmli yazıçılarımız çox idi, amma elə bir dövr idi ki, hamı Anarın yazdıqlarını oxuyur, hamı Anardan danışırdı. Qürbət Əziz, Güləli Rəsul, Məmmədəli Nasir, Etibar Etibarlı, Süleyman Zərbəliyev, Tahir Taisoğlu, Heybət Hörmət, Tahir Ələkbərli, Əmir Rüstəmoğlu, Sədi Fətəlizadə, Nadir Mərzəngəli...boş vaxt tapan kimi M.Ə.Sabir adına mərkəzi kitabxanaya, Mədəniyyət sarayına, "Yeni Şirvan" qəzetinin redaksiyasına, yaxud, şəhər mərkəzindəki bağın çayxanasına yığılar, Anardan danışardıq. Ədəbiyyatımızda Anar dövrü başlanmışdı. Yeni doğulan oğlan uşaqlarının adını da Anar qoyurdular...Anar isə yazırdı..."Asılqnda işləyən qadının söhbəti", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Yaxşı padşahın nağılı"...Bütün oxucular xoşbəxt idilər. Mən isə ikiqat xobəxt idim, çünki, Anar təkcə gözəl əsərlər yazmırdı, həm də mənə...məktublar yazırdı. Əyalətdə yaşayan, orta məktəbi yenicə bitirən, yaradıcılığa meyl göstərən bir gənc üçün bundan böyük xoşbəxtlik ola bilərdimi?!.
Bu günlərdə Anarın 45 il əvvəl mənə yazdığı məktubları bir də oxudum. Bəzisi qısadır, iki - üç cümlə ilə hansısa sualıma cavab verib. Bəzisi genişdir, yaradıcılığımın ilk cücərtiləri haqqında fikir söyləyib. Hər cümləsi səmimidir, hər sözü adama ümid verir, ruhlandırır...


Bu gün Anar dünya şöhrətli yazıçıdır, görkəmli ictimai - siyasi xadimdir, hər birimizin fəxr elədiyimiz şəxsiyyətdir. Mən də Anardan məktublar alan yeniyetmə Məzahir deyiləm, 140 illik mətbuat tariximizdə iki milyon tirajla qəzet buraxan yeganə redaktoram, çoxlu kitabım nəşr olunub. Əgər bunlar uğur sayılırsa, bu uğur öz başlanğıcını Anarın məktublarından, məsləhətlərindən götürüb...

Məzahir Süleymanzadə, tanınmış jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO