
- A-
- A
- A+
Almaniyanın Cənubi Qafqaz siyasətində yol verdiyi yanlışlar
Almaniya uzun illər Cənubi Qafqaz siyasətində ciddi strateji səhvlərə yol verərək, regiona müstəqil dövlətlərin məkanı kimi deyil, Rusiyanın təsir dairəsinin bir hissəsi kimi yanaşırdı. Nəticədə Berlin həm regionun dəyişən geosiyasi reallıqlarını vaxtında qiymətləndirə bilmədi, həm də Cənubi Qafqazda özünün siyasi və iqtisadi mövqelərini möhkəmləndirmək imkanlarını əldən verdi.
İndi isə geosiyasi mənzərə dəyişib. Rusiya ilə münasibətlərdə yaşanan böhran, Avropanın enerji təhlükəsizliyi axtarışları və Azərbaycanın artan strateji çəkisi Berlinin əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməsini zəruri edib.
Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Bakıya səfəri də məhz bu baxımdan diqqət çəkir. Görünən odur ki, rəsmi Berlin regionda itirdiyi mövqeləri bərpa etmək və Azərbaycanla münasibətlərə yeni dinamika vermək niyyətindədir.
Şröder və Merkelin mirası: Almaniyanı Rusiyanın enerji girovuna çevirən siyasət
Almaniyanın bugünkü geosiyasi çətinliklərinin mühüm səbəblərindən biri Gerhard Şröder və Angela Merkel hakimiyyətləri dövründə formalaşdırılmış Rusiya siyasətidir.
Əslində, bu asılılığın ideoloji və siyasi təməlləri daha əvvəl, Villi Brandtın irəli sürdüyü "Şərq siyasəti" – Ostpolitik xətti ilə qoyulmuşdu. Sonrakı mərhələdə isə Şröder və Merkel bu yanaşmanı enerji və iqtisadi əməkdaşlıq müstəvisində strateji asılılığa çevirdilər.
Gerhard Şröderin kanslerliyi dövründə Almaniya ilə Rusiya arasında enerji əlaqələri misli görünməmiş səviyyəyə çatdı. 2005-ci ildə, kansler vəzifəsini tərk etməsinə cəmi bir neçə həftə qalmış Şröder Vladimir Putinlə birlikdə Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya qaz nəqlini nəzərdə tutan "Şimal Axını" layihəsinə dair saziş imzaladı.
Bu layihə ilk növbədə Rusiyanın geosiyasi maraqlarına xidmət edirdi. Çünki layihə Polşa, Ukrayna və Baltikyanı ölkələr kimi tranzit dövlətləri prosesdən kənarda qoymaqla Moskvanın həmin ölkələrə qarşı enerji təzyiqi imkanlarını genişləndirdi.
Lakin Şröderin Rusiya ilə münasibətləri bununla bitmədi. O, kansler postundan ayrıldıqdan dərhal sonra "Qazprom"un nəzarətində olan Nord Stream AG şirkətinin səhmdarlar komitəsinin sədri oldu. Daha sonra "Rosneft"in direktorlar şurasına rəhbərlik etdi və "Şimal Axını 2" layihəsinin əsas müdafiəçilərindən birinə çevrildi.
Beləliklə, Almaniyanın keçmiş kansleri ilə Rusiya enerji nəhəngləri arasındakı əlaqələr ölkənin xarici siyasətinin nə qədər ciddi maraqlar toqquşması ilə üzləşdiyini göstərən nümunəyə çevrildi.
Angela Merkel isə sələfinin başladığı kursu dayandırmaq əvəzinə daha da genişləndirdi.
2011-ci ildə Fukusima nüvə qəzasından sonra atom elektrik stansiyalarının mərhələli bağlanması, eyni zamanda kömür enerjisindən imtina istiqamətində atılan addımlar Almaniyanın enerji ehtiyaclarını artırdı. Berlin bu boşluğu əsasən ucuz Rusiya qazı hesabına doldurmağa üstünlük verdi.
Hətta 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra belə Merkel hökuməti "Şimal Axını 2" layihəsindən imtina etmədi. ABŞ-ın, Polşanın və Baltikyanı ölkələrin etirazlarına baxmayaraq, Berlin bu layihəni kommersiya təşəbbüsü kimi təqdim edərək onun geosiyasi nəticələrini görməzdən gəldi.
Nəticədə 2022-ci ilin əvvəlinə Almaniyanın təbii qaz idxalının təxminən 55 faizi Rusiyanın payına düşürdü. Neft idxalının 35, daş kömür idxalının isə 50 faizi də Rusiyadan təmin edilirdi.
Almaniyanın Rusiya siyasətinin iflası
Bu, sadəcə iqtisadi asılılıq deyil, Almaniyanın xarici siyasət manevr imkanlarını məhdudlaşdıran, təhlükəsizlik qərarlarına təsir göstərən və ölkəni Moskvanın enerji siyasəti qarşısında həssas vəziyyətə salan strateji yanlışlıq idi.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması bu siyasətin iflasını bütün çılpaqlığı ilə ortaya qoydu. Almaniya uzun illər qoruduğu enerji modelini qısa müddətdə dəyişmək məcburiyyətində qaldı. Müharibə başladıqdan sonra Almaniya LNG terminallarının tikintisinə başlanıldı və Rusiya qazından asılılıq aradan qaldırıldı.
Beləliklə, Berlin Moskva ilə münasibətlərdə illərlə nümayiş etdirdiyi siyasi ehtiyatlılığın əslində nə qədər baha başa gəldiyini anladı.
Cənubi Qafqazda da eyni yanlış yanaşma
Almaniyanın strateji səhvləri yalnız Rusiya ilə enerji münasibətləri ilə məhdudlaşmırdı. Berlin Cənubi Qafqaz siyasətində də uzun müddət müstəqil və ardıcıl xətt yürüdə bilmədi. Çünki Almaniya regiondakı prosesləri çox vaxt Rusiyanın maraqları və təsir imkanları prizmasından qiymətləndirirdi. Bu yanaşma isə Berlinin Azərbaycanın müstəqil dövlət kimi artan siyasi, iqtisadi və geostrateji əhəmiyyətini vaxtında dərk etməsinə mane oldu.
Halbuki Cənubi Qafqaz təkcə regional münaqişələrin və böyük güclərin rəqabətinin məkanı deyil. Bu region Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının, enerji təhlükəsizliyinin və yeni iqtisadi əməkdaşlıq imkanlarının mühüm qovşağıdır. Azərbaycan isə coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və müstəqil xarici siyasət xətti ilə bu prosesin əsas aktorudur. Berlinin bu reallıqları gec qiymətləndirməsi Almaniyanın regiondakı mövqelərini zəiflətdi.
Annalena Berbokun qərəzli mövqeyi
Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri keçmiş xarici işlər naziri Annalena Berbokun fəaliyyəti oldu. Onun "dəyərlərə əsaslanan xarici siyasət" adı altında yürütdüyü xətt Azərbaycan-Almaniya münasibətlərində ciddi gərginlik yaratdı.
Xüsusilə, 2023-cü ilin sentyabrında Berbok BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi hücum” kimi qiymətləndirərək sərt tənqid etdi. Bu isə rəsmi Bakının haqlı narazılığına səbəb oldu.
2023-cü ilin noyabrında Berbokun regiona səfəri zamanı yaşanan başqa bir diplomatik insident isə vəziyyəti daha da mürəkkəbləşdirdi. O, Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşüb, onların geri qayıtmaq hüququndan uzun-uzadı bəhs etdi. Üstəlik, guya azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü də açıqladı. Lakin sonradan bəlli oldu ki, Berbok Bakıda vətəndaş cəmiyyətinin bəzi nümayəndələri görüşünü yalandan məcburi köçkünlərlə görüş kimi təqdim edib. Beləliklə, Almaniyanın diplomatik nümayəndəsi regionun həssas məsələlərində yanlış təqdimat və birtərəfli yanaşma ilə yadda qaldı.
Nəticə etibarilə, Berlinin Cənubi Qafqazda özünün müstəqil siyasi gündəliyini formalaşdırmaq əvəzinə, başqalarının müəyyən etdiyi çərçivələrə uyğun hərəkət etməsi strateji imkanların itirilməsi ilə nəticələndi.
Parisin siyasi ambisiyalarına qurban verilən iqtisadi maraqlar
Almaniyanın regionda üzləşdiyi digər problem Avropa İttifaqının Cənubi Qafqaz siyasətindəki mövcud yanaşma ilə bağlıdır. Berlin əsasən Aİ çərçivəsində fəaliyyət göstərməyə üstünlük versə də, ittifaqın regional gündəliyində Fransanın mövqeyi və siyasi ambisiyaları ciddi təsir imkanlarına malikdir.
Paris xüsusilə Ermənistan istiqamətində fəallaşaraq Aİ-nin mülki missiyası, hərbi və maddi yardımlar, o cümlədən digər mexanizmlər vasitəsilə özünün regional təsir imkanlarını genişləndirməyə çalışır. Bu yanaşma isə Aİ tərəfindən Cənubi Qafqazda balanslı siyasət yürüdülməsinə, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda davamlı sabitliyin təmin olunmasına ciddi əngəl törədir.
Əslində, burada ciddi ziddiyyət var: Almaniya bir tərəfdən Rusiyadan enerji asılılığının nəticələrini aradan qaldırmağa çalışır, digər tərəfdən isə Avropanın öz daxilindəki siyasi ambisiyaların regional iqtisadi imkanlara mane olmasına göz yumur. Bu vəziyyət Almaniyanın maraqlarının Fransanın neoimperialist siyasətinə qurban verilməsinə yol açır.
Bakı ilə münasibətlərin bərpası
Almaniyanın hazırkı siyasi rəhbərliyi əvvəlki dövrlərin səhvlərindən nəticə çıxarmağa çalışır. Kansler Fridrix Merts və xarici işlər naziri Yohan Vadefulun Azərbaycanla münasibətlərə verdiyi önəm də bu baxımdan diqqət çəkir.
Xüsusilə 2026-cı il iyulun 21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı imzalanan "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair razılaşma münasibətlərin yeni mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sənədlər göstərir ki, Berlin artıq Azərbaycanla əməkdaşlığı yalnız diplomatik dialoq səviyyəsində saxlamaq niyyətində deyil. Almaniya Azərbaycanın enerji, nəqliyyat, sənaye və texnologiya sahələrindəki imkanlarından daha geniş istifadə etməyə çalışır.
Strateji gündəliyin əsas istiqamətləri sırasında enerji təhlükəsizliyi, bərpaolunan enerji, yaşıl hidrogen, Orta Dəhlizin inkişafı, logistika infrastrukturunun genişləndirilməsi, rəqəmsallaşma və sənaye modernləşməsi xüsusi yer tutur.
Yəni, Rusiya ilə əvvəlki enerji modelinin dağılmasından sonra Berlin alternativ mənbələrə, etibarlı tərəfdaşlara və yeni nəqliyyat marşrutlarına ehtiyac duyur. Üstəlik, Almaniya hakimiyyəti Azərbaycanın qeyd olunan kriteriyalara cavab verən dövlət olduğunu da yaxşı anlayır.
Üstəlik, ölkəmizdə Almaniya kapitallı 200-dən çox şirkətin fəaliyyət göstərməsi, Almaniyadan Azərbaycana 937,5 milyon dollar, Azərbaycandan Almaniyaya isə 667,5 milyon dollar birbaşa investisiya yatırılması iqtisadi əməkdaşlığın mövcud potensialını göstərir.
Biznes Şurasının yaradılması da məhz bu əlaqələri institusional müstəviyə daşımaq, qarşılıqlı investisiyaları təşviq etmək və sahibkarlar arasında birbaşa əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Yohan Vadefulun noyabr ayında Bakıya səfəri zamanı Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərində Strateji Gündəliyin icrası və Biznes Şurasının ilk təsis iclasının yaxın vaxtlarda keçirilməsi barədə razılığın əldə olunması Berlinin bu istiqamətdə konkret addımlar atmaq niyyətini təsdiqləyir.
Ermənistanla siyasi vədlər, Azərbaycanla real iqtisadi tərəfdaşlıq
Almaniyanın regiondakı maraqlarını qiymətləndirərkən bir məqamı xüsusi vurğulamaq lazımdır: Ermənistanla siyasi yaxınlaşma cəhdləri ilə Azərbaycanla qurulan iqtisadi əməkdaşlığın mahiyyəti və miqyası eyni deyil.
İrəvana verilən siyasi vədlər, diplomatik dəstək və müxtəlif platformalarda nümayiş etdirilən fəallıq özlüyündə Almaniyaya regionda ciddi iqtisadi mövqelər qazandırmır. Azərbaycan isə enerji resursları, nəqliyyat infrastrukturu, regional bağlantılar, investisiya imkanları və müstəqil xarici siyasəti ilə Almaniya üçün konkret strateji tərəfdaşdır.
Berlin bunu artıq imzalanmış sənədlərlə də təsdiqləyib. İndi əsas məsələ həmin razılaşmaların real iqtisadi nəticələrə çevrilməsidir.
Berlin qərar verməlidir: keçmişin səhvləri, yoxsa gələcəyin imkanları?
Almaniya bu gün Cənubi Qafqazda ciddi seçim qarşısındadır. Şröder və Merkel dövründə Rusiyaya münasibətdə yol verilən strateji səhvlər Berlinə baha başa gəldi. Berbokun fəaliyyəti dövründə Azərbaycanla münasibətlərdə yaranan gərginlik isə Almaniyanın regional nüfuzuna əlavə zərbə vurdu.
İndi Fridrix Merts hökumətinin qarşısında yeni imkanlar açılıb. Ancaq bu imkanlardan istifadə etmək üçün Berlin təkcə Bakı ilə münasibətləri yaxşılaşdırmaqla kifayətlənməməli, həm də Cənubi Qafqaza baxışında fundamental dəyişiklik etməlidir.
Almaniya anlamalıdır ki, region artıq nə Rusiyanın əvvəlki təsir mexanizmləri ilə idarə olunan məkandır, nə də Fransanın neoimperialist ambisiyalarının reallaşdırılması üçün açıq meydandır. Azərbaycan başda olmaqla, Cənubi Qafqazda müstəqil dövlətlər, onların milli maraqları və yeni geosiyasi reallıqlar mövcuddur.
Berlin özünün siyasi və iqtisadi gələcəyini bu reallıqlar üzərində qurmalıdır. Əks halda, Almaniya yenə də başqalarının müəyyən etdiyi regional gündəliyin arxasınca getməyə, strateji imkanlarını itirməyə davam edəcək.
Anar Tahirov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































