Həyətyanı torpaqlara çıxarış verilməsi ilə bağlı yeni qayda

Həyətyanı torpaqlara çıxarış verilməsi ilə bağlı yeni qayda

Hazırda oxunan: Həyətyanı torpaqlara çıxarış verilməsi ilə bağlı yeni qayda
0:00 / 0:00
648750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və "Daşınmaz əmlakın dövlət reyestri" haqqında qanunda dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsi parlamentin noyabrın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.
 

Həmin qanuna əsasən, vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-na qədər davam edib.


Lakin həmin vaxtdan daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi (plan-ölçü) verməyə başlayıb.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-na qədər şəhadətnamə aldığı halda, digər qismi həmin müddətə qədər müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur.

Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib.

Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçü tərtib etdiyi həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
 

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-na qədər olan dövrdə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.


Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO