
- A-
- A
- A+
Dünyanı bölüşdürmək istəyən üç güc: Şençjen görüşü nə vəd edirdi, nə verdi?
Dünən bütün dünyanın diqqətləri Çinin cənubundakı Şençjen şəhərinə yönəldi. Çünki müasir dünyanın siyasi mənzərəsi elə bir mərhələyə qədəm qoyub ki, beynəlxalq münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas məsələlərin böyük hissəsi üç güc mərkəzinin – ABŞ, Rusiya və Çinin mövqeyindən asılıdır.
Məlumdur ki, Vaşinqton, Moskva və Pekin arasında münasibətlər yalnız bu dövlətlərin ikitərəfli əlaqələri ilə məhdudlaşmır. Onların qəbul etdiyi qərarlar Avropadan Asiyaya, Yaxın Şərqdən Cənubi Qafqaza qədər geniş coğrafiyada siyasi, iqtisadi və təhlükəsizlik proseslərinə təsir göstərir.
Bu baxımdan ABŞ, Rusiya və Çin liderlərinin mümkün görüşü və ya üçtərəfli təmasları xüsusi beynəlxalq əhəmiyyət daşıyır. Belə bir dialoqda əsas məqsəd təkcə mövcud fikir ayrılıqlarını müzakirə etmək deyil, həm də qlobal qarşıdurma risklərini azaltmaq, iqtisadi maraqların toqquşmasının qarşısını almaq və beynəlxalq münasibətlərdə yeni qaydaların formalaşdırılması yollarını araşdırmaq ola bilərdi.
ABŞ, Çin və Rusiya dünya üçün nə deməkdir?
Qeyd edək ki, ABŞ faktiki olaraq dünyanın siyasi mərkəzidir. Bu gün rəsmi Vaşinqtonun istənilən qərarı dünyanı, xüsusilə qlobal iqtisadiyyatı silkələyə bilir. Bundan əlavə, ABŞ hələ də dünyanın ən böyük iqtisadiyyatına malik ölkədir. Ölkənin ÜDM-i 32,64 trilyon dolları ötür. Bu göstərici ilə ən böyük ÜDM-yə malik ikinci ölkə olan Çini 12 trilyon dollar qabaqlayır. 2026-cı il üzrə proqnozunda artım 2,3 faiz göstərilir. Süni intellekt infrastrukturuna yönəldilən nəhəng sərmayələr Amerika iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib.
Çinin ÜDM-i təxminən 20,4 trilyon dollardır. Həcm baxımından ABŞ-dan üçdə bir qədər kiçik olsa da, artım tempi 4,5 faizdir. Bu, Amerikanın göstəricisindən təxminən iki dəfə çoxdur. Pekinin güclü tərəfi isə sənayedir. Dünya istehsalının ən böyük payı Çin zavodlarının hesabına formalaşır.
Rusiya bu üçlükdə iqtisadi baxımdan ən zəif halqadır. Belə ki, bu ölkənin ÜDM-nin həcmi 2,8 trilyon dollardır. Bu göstərici ilə şimal qonşumuz dünya sıralamasında 8-ci yerdədir.
Bununla belə Rusiya hələ də qlobal siyasətə və iqtisadiyyata təsir imkanlarını özündə saxlayır.
Obrazlı şəkildə desək, ABŞ dünyanın bugünkü, Çinsə sabahın gücüdür. Rusiya isə təbii resursları və nüvə gücü ilə oyunda qalan dövlətdir.
Bəs, liderlər Şençjendə nələrin müzakirə ediləcəyi gözlənilirdi?
Görüş öncəsi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, “Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş beynəlxalq vəziyyətə ciddi təsir göstərəcək:
“Hər üç ölkə müsbət və konstruktiv məqamları əsas götürərək faydalı və məzmunlu müzakirə aparmağa hazırdır. Onun fikrincə, bu müzakirə beynəlxalq vəziyyətin inkişafına ciddi təsir göstərə bilər. Üçtərəfli görüşdə bu dövlətlər arasında münasibətlərin əsas prinsipləri və dünyada vəziyyətin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq”.
Beynəlxalq ekspertlərin ehtimallarına görə isə üç dövlətin gündəliyində ən mühüm məsələlərdən birinin nüvə silahlarına nəzarət və strateji sabitlik olması gözlənilirdi. Çünki ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərdir. Çin isə son illərdə nüvə potensialını genişləndirir.
2026-cı ilin fevralında ABŞ-Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan New START müqaviləsinin müddətinin başa çatması bu məsələni daha da aktuallaşdırıb. Vaşinqton yeni razılaşmaya Çinin də qoşulmasında maraqlıdır. Pekin isə nüvə arsenalının ABŞ və Rusiyadan xeyli kiçik olduğunu əsas gətirərək belə danışıqlarda bərabər tərəf kimi iştirak etməyə hələlik ehtiyatla yanaşır.
Bundan başqa hər üç dövləti ciddi şəkildə narahat edən məsələlərdən biri bəzi ölkələrin sürətlə silahlanmasıdır. Məsələn, Asiyanın bəzi nüvə dövlətləri arsenalını genişləndirir. Son illərdə Hindistanın nüvə başlıqlarının sayı 43-dən 190-a, Pakistanın göstəricisi isə 50-dən 170-ə yüksəlib. Şimali Koreyanın 2026-cı ildə təxminən 60 nüvə başlığına sahib olduğu təxmin edilir.
İsrailin nüvə başlıqlarının sayı 80-dən 90-a yüksəlib.
Avropa ölkələrində isə azalma müşahidə olunub. Fransanın nüvə arsenalı 350-dən 290-a, Böyük Britaniyanın arsenalı isə 245-dən 225-ə düşüb.
Ona görə də ABŞ, Rusiya və Çin liderləri ilk növbədə bu məsələni müzakirə edəcəkləri gözlənilirdi.
Diqqət mərkəzində olan ikinci məsələ hər üç ölkənin bir-birləri ilə qarşılıqlı iqtisadi münasibətləridir. Çünki ABŞ-ın iqtisadi müstəvidə həm Rusiya, həm də Çinlə müzakirə edəcəyi çox məsələlər var.
Hazırda Rusiya ilə Çin arasındakı iqtisadi münasibətlərdə elə bir ciddi problem yoxdur. Amma bunu ABŞ üçün demək çox çətindir. Rəsmi Vaşinqton hər iki ölkə ilə diqtəylə danışmaq istəyi Amerikanı çətin duruma salıb.
Ukrayna müharibəsi gündəlikdə vardımı?
Səslənən bəyanatlar onu göstərir ki, liderlərin görüşündə Ukrayna məsələsi müzakirə ediləcək bəlkə də ən sonuncu məsələdir.
Təsadüfi deyil ki, Putinin köməkçisi ötən gün bildirmişdi ki, üçtərəfli görüşdə Ukrayna məsələsinin müzakirəsi gözlənilmir.
Rəsmi Vaşinqton da daha əvvəl Trampın bu məsələni müzakirəyə çıxarmağı planlaşdırmadığını bildirsə də, sonradan ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Baxmayaraq ki, Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüşə çox böyük ümid bəsləyirdi.
O, NBC News” telekanalına verdiyi müsahibəsində bildirmişdi ki, ABŞ və Çin Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər təsir imkanlarına malikdir.
Onun fikrincə, bu ölkələrin Putini “bir görüş zamanı” dayandırmaq üçün kifayət qədər təsiri var.
“Əgər Çin və ABŞ sanksiyalar tətbiq etsələr və ya tətbiq edəcəklərini bəyan etsələr, Rusiya ilə bu ölkələr arasında ixrac və idxalı dayandırsalar, müharibə başa çatar”, – deyə prezident izah edib.
Zelenskinin bu istəyi hər üç dövlət üçün o qədər də maraqlı olmadı. İran və Yaxın Şərq məsələsi də prioritetlər arasına salınmadı.
Üç dövlət üçün prioritet iqtisadiyyatdır.
Məlumdur ki, ABŞ və Çin arasında gömrük rüsumları, texnologiya ixracı, süni intellekt, yarımkeçiricilər və nadir torpaq elementləri üzrə rəqabət qlobal iqtisadi münasibətlərə təsir göstərir.
Vaşinqton Çinlə ticarətdə daha əlverişli şərtlər əldə etməyə, Pekin isə öz texnoloji və sənaye potensialını qorumağa çalışır. Rusiya üçün isə Qərb sanksiyaları şəraitində yeni iqtisadi tərəfdaşlıqların inkişafı, enerji ixracı və beynəlxalq maliyyə sistemində mövqelərinin qorunması mühüm əhəmiyyət daşıyır.
Məhz bu məsələlərdə əldə ediləcək razılaşmaların nəticələri üç ölkənin hüdudlarını aşaraq dünya iqtisadiyyatına təsir göstərə bilərdi.
Gözləntilər suya düşdü
Rusiya, ABŞ və Çin liderlərinin görüşü təxminən 1 saat yarım davam edib.
Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.
Bəyannamə 4 bənddən ibarətdir.
Üç dövlət başçısı tədiqləyib ki, nüvə müharibəsində qalib ola bilməz. Liderlər nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərinin azaldılması və bu cür silahların yayılmasının qarşısının alınması istiqamətində dialoq aparacaqlar.
Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verə bilməsi üçün onun islah edilməsinə sadiq olduqlarını bildiriblər.
Bəyannamədə həmçinin qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.
Liderlər mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və qlobal sabitlik ilə təhlükəsizliyi qoruyub saxlamaq barədə öhdəlik götürüblər.
Gözlənildiyi kimi liderlər görüşdə müharibələri durdurmaq, qaynar nöqtələrə sülh gətirmək yox, daha çox öz aralarındakı iqtisadi münasibətlərə bir aydınlıq gətirmək istəyiblər.
Görünən odur ki, bu istəyə də tam dolğunluğu ilə nail olunmayıb. Belə olmasa idi üç liderin növbəti görüşü barədə hansısa bir tarix və məkan açıqlanardı.
Beləcə, dünya bu gün üç liderin qlobal məsuliyyəti bölüşmək və sülh naminə kompromisə getmək bacarığını görə bilmədi.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































