Öz evindəki yanğını söndürə bilməyən Fransanın acınacaqlı mənzərəsi

Öz evindəki yanğını söndürə bilməyən Fransanın acınacaqlı mənzərəsi

Hazırda oxunan: Öz evindəki yanğını söndürə bilməyən Fransanın acınacaqlı mənzərəsi
0:00 / 0:00
648559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa diplomatiyasının rəhbəri yenidən köhnə və uğursuz vərdişlərinə sadiq qalaraq, Cənubi Qafqazda sülh gündəliyinə zərbə vuran təxribatçı bəyanatlarla diqqət çəkib. Belə ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissye Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı səsləndirdiyi əsassız iddialar rəsmi Parisin hələ də neo-müstəmləkəçi təfəkkürdən xilas ola bilmədiyini açıq şəkildə nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulandığı kimi, Fransanın selektiv yanaşması, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativləri regionda sülhə deyil, məhz yeni gərginlik ocaqlarının yaradılmasına xidmət edir. Rəsmi Bakıya insan hüquqları və beynəlxalq hüquqdan dərs keçməyə çalışan Fransa rəsmiləri unudurlar ki, bu gün onların öz ölkəsi dərin sosial-siyasi böhran, polis özbaşınalığı və etiraz aksiyaları içərisində boğulur.

Küçələrdə qan, məktəblərdə qorxu: Fransanın "insan hüquqları" mənzərəsi

Başqa dövlətlərin daxili işlərinə burun soxan Makron administrasiyası 2026-cı ilin payızından etibarən öz vətəndaşlarının haqlı sosial etirazları qarşısında aciz qalaraq, çıxış yolunu yalnız zorakılıqda və dəyənəkdə görür. Sentyabrın sonlarından etibarən təhsil sistemindəki acınacaqlı vəziyyətə, müəllim çatışmazlığına və bahalaşmaya etiraz edən lisey şagirdləri, tələbələr və həmkarlar ittifaqları Fransanın küçələrini savaş meydanlarına çeviriblər.

Lakin "azadlıq, bərabərlik, qardaşlıq" şüarları ilə öyünən Paris bu etirazlara rezin güllələr və qumbaralarla cavab verir. Daxili İşlər Nazirliyinin oktyabrın 17-də bütün növ ara silahlardan — o cümlədən insan sağlamlığı üçün ağır fəsadlar törədən LBD silahlarından və mühasirədənçıxma qumbaralarından istifadəyə icazə verməsi Fransada dövlət zorakılığının rəsmi səviyyəyə qaldırıldığının bariz sübutudur.

Rəqəmlər və faktlar Fransadakı hüquq-mühafizə sisteminin qəddarlığını bütün çılpaqlığı ilə ortaya qoyur. Etirazların ilk mərhələsində — oktyabrın 5-də Lans şəhərində keçirilən aksiyada 15 yaşlı lisey şagirdinin polis qumbarasının partlaması nəticəsində əlini itirməsi rəsmi Parisin azyaşlılara qarşı belə amansız davrandığını göstərir. 

Mülüz və Sent-Etyen şəhərlərində də məktəblilərin ağır xəsarət alması, oktyabrın 24-də bir gün ərzində 150 etirazçının yaralanması, oktyabrın 17-də isə Parisdəki toqquşmalarda 2 nəfərin həyatını itirməsi Fransada demokratiyanın hansı vəziyyətdə olduğunu sübut edir. Ümumilikdə etirazlar başlayandan 7 mindən çox insanın saxlanılması və yüzlərlə vətəndaşın həbsə atılması bu ölkədə söz və sərbəst toplaşmaq azadlığının sadəcə kağız üzərində qaldığını göstərir.

Öz daxilindəki cinayətləri ört-basdır edənlərin riyakarlığı

Fransa polislərinin törətdiyi qanunsuzluqlar artıq ölkə daxilində də gizlədilə bilməyəcək həddə çatıb. Oktyabrın 30-na olan rəsmi statistikaya əsasən, təkcə payız etirazları başlayandan bəri hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqi ilə bağlı Milli Polisin Baş Müfəttişliyinə (IGPN) və Milli Jandarmeriyanın Baş Müfəttişliyinə (IGGN) 83 rəsmi araşdırma işi təhvil verilib. 

Fransanın Hüquq Müdafiəçisi Fransua-Noel Büffe də quruma polis zorakılığı və hüquq

pozuntuları ilə bağlı 100-dən çox rəsmi şikayətin daxil olduğunu etiraf edərək, hökuməti ictimai asayişin qorunması metodlarına yenidən baxmağa çağırıb. 

Lakin buna baxmayaraq, Daxili İşlər Nazirliyinin LBD tipli rezin güllə atan silahlardan və qumbaralardan istifadəyə rəsmən icazə verməsi, daxili təhqiqatların böyük əksəriyyətinin isə sənədləşdirilmədən ört-basdır edilməsi Parisin öz vətəndaşlarına qarşı sistemli zorakılıq siyasəti yürütdüyünü təsdiqləyir.

İdarəetmə sisteminin çöküşü, korrupsiya qalmaqalları 

Digər tərəfdən, yüksək vəzifəli Fransa siyasətçiləri və parlament üzvləri ilə bağlı korrupsiya qalmaqalları və məhkəmə prosesləri bu ölkənin dövlət institutlarının çürüdüyünü açıq şəkildə göstərir.

Belə ki, Fransa siyasi elitasının başında duran şəxslərin qanunsuz maliyyə əməliyyatları artıq tarixi presedentlər yaradıb. Sabiq prezident Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi işində "cinayətkar sövdələşmə"də təqsirli bilinərək həbs cəzasına məhkum edilib və Fransada dəmir barmaqlıqlar arxasına düşən ilk dövlət başçısı kimi tarixə düşüb. Onunla yanaşı, sabiq daxili işlər nazirləri Klod Gean və Bris Ortefö də bu korrupsiya sxemində iştiraka görə məhkum olunublar. 
Fransa parlamentariləri və partiya rəhbərləri də Avropa institutlarının vəsaitlərini talamaqda

ittiham olunurlar. "Milli Birlik" partiyasının lideri Marin Le Pen Avropa Parlamentinin 3 milyon avrodan çox vəsaitini partiya üzvlərinin ödənişlərinə yönəltməklə mənimsəməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə və seçkili vəzifələrdən uzaqlaşdırılma cəzası alıb. Həmin partiyanın sədri, Avropa Parlamentinin deputatı Jordan Bardella barəsində də Avropa Parlamenti fondlarından sui-istifadə ittihamı ilə korrupsiya araşdırması başladılıb. 

Öz gözündə tiri görməyənlər Azərbaycandan nə istəyir?

Belə bir acınacaqlı mənzərə fonunda rəsmi Parisin Azərbaycana qarşı insan hüquqları və humanitar məsələlərlə bağlı ittihamlar səsləndirməsi riyakarlığın zirvəsidir. Otuz il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, bir milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, məscidlərimizin və tarixi abidələrimizin yerlə-yeksan edilməsinə göz yuman Fransa bu gün müharibə cinayətləri və terrorçuluqda təqsirləndirilən separatçıların müdafiəçisi rolunda çıxış edir.

Azərbaycanın 2023-cü ilin sentyabrında BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tam uyğun şəkildə öz suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini həzm edə bilməyən Fransa rəhbərliyi bilməlidir ki, təzyiq və böhtan dili ilə rəsmi Bakı ilə danışmaq mümkün deyil.
Lakin Paris öz daxili problemlərini fikirləşmək əvəzinə, Cənubi Qafqazda ara qarışdırmaqla məşğuldur. 

Makron iqtidarı bir məqamı anlamalıdır: öz evindəki yanğını söndürmədən başqasını “xilas etmək” eşqinə düşənlərin aqibəti bəllidir...

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO