Rusiyanın Ukrayna prezidentliyinə namizədi Yanukoviç kimdir? – Hakimiyyətə qayıtmaq ŞANSLARI

Hazırda oxunan: Rusiyanın Ukrayna prezidentliyinə namizədi Yanukoviç kimdir? – Hakimiyyətə qayıtmaq ŞANSLARI

63853

Rusiya-Ukrayna münaqişəsinin aktiv fazası start götürdükdən sonra adı ətrafında ən çox söz-söhbətlər gedən şəxslərdən biri də Viktor Yanukoviçdir. Belə ki, müharibənin ilk günlərindən Rusiyanın əsas məqsədinin Yanukovçinin başçılığı altında Ukraynada yeni hökumət yaratmaq olduğu ilə bağlı iddialar səsləndirilməyə başlanıldı.

Daha sonra isə Ukrayna kəşfiyyatından olan mənbələrə istinadla KİV-lərdə Yanukoviçin Minskə gəldiyi haqqında məlumatlar dərc olunub.

Son olaraq, martın 8-də Viktor Yanukoviç Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciəti ilə yenidən günəmə gəlib. Zelenskini sülhə çağıran Yanukoviçin bu addımı atması isə, ekspertlər tərəfindən siyasi iddianı ortaya qoymaq cəhdi kimi qiymətləndirilib.

Kimdir Yanukoviç?

1950-ci ildə Donetskdə anadan olan Viktor Yanukoviç SSRİ-nin qürub çağından etibarən bir sıra məsul vəzifələrdə çalışmağa başlayıb. Ukrayna müstəqillik əldə etdikdən sonra siyasi arenada daha tez-tez görülməyə başlanan Yanukoviç Leonid Kuçmanın hakimiyyətdə olduğu 2002-2005-ci illərdə ölkənin baş naziri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Yanukoviçi Minskə gətirdi - Onu "Ukrayna prezidenti" elan etmək istəyir


2005-ci ildəki prezident seçkilərində Yanukoviç Kuçmanın davamçısı kimi çıxış edib. Lakin saxtakarlıq iddiaları və təkrar seçkilərdən sonra o, məğlub olur və Viktor Yuşenko hakimiyyətə gəlir. Lakin parlamentdə üstünlüyə malik olan partiyanın nümayəndəsi kimi Yanukoviç 2006-2007-ci illərdə də Baş nazir kimi fəaliyyət göstərib.

2010-cu ildəki Prezident seçkilərində qələbə qazanan Yanukoviç hakimiyyəti dövründə Rusiyayönümlü siyasəti ilə tanınıb.

Belə ki, ölkəsinin Avro-Atlantik alyansa inteqrasiyasına qarşı olan prezident Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyi özünə prioritet seçib. 2014-cü ildə “Maydan olayları” genişləndikdən sonra isə eks-prezident hakimiyyəti buraxaraq ölkədən qaçıb. Sonradan Yanukoviçin Rusiyaya pənah gətirdiyi meydana çıxıb və bu Kreml rəsmiləri tərəfindən də açıq şəkildə təsdiqlənib.

Hal-hazırda Rusiyanın Ukrayna prezidenti kimi görmək istədiyi şəxs kimi qəbul olunan Yanukoviçin keçmiş postuna yenidən qayıtması ehtimalları isə o qədər də yüksək qiymətləndirilmir.

Çünki...

İlk növbədə Ukraynada hakimiyyət dəyişikliyi ehtimalı yüksək deyil. Ona görə ki, Kiyev itirilsə belə Zelenskinin digər əyalətlərdən hakimiyyət səlahiyyətlərini icra edəcəyi, hətta Ukrayna bütövlükdə işğal olunacağı təqdirdə, mühacirət hökuməti yaradacağı ilə bağlı proqnozlar daha çoxdur.

İkincisi, Yanukoviçin hakimiyyətə gətirilməsinə bu və ya digər formada nail olunsa belə, onun əhali arasında sosial dayağı o qədər də yüksək deyil. Məlumat üçün qeyd edək ki, Yanukoviç prezident seçkilərində qələbə qazandığı dövrdə cənub və şərq əyalətlərində ciddi səs çoxluğu qazanmışdı. Bu gün müharibənin getdiyi həmin bölgələrdə anti-Rusiya ab-havası etnik ruslar arasında da yüksək səviyyədədir. Sosial dəstəyi olmayan hökumətsə məhvə məhkumdur.

Üçüncüsü, Yanukoviç prezident postuna gəlsə, hətta müəyyən yollarla bir müddət hakimiyyətdə qalmağı bacarsa belə, beynəlxalq arenada onun rəsmi dövlət başçısı kimi qəbul olunması müşkül məsələdir.

Bütün sadalananları nəzərə alaraq söyləyə bilərik ki, Yanukoviçin növbəti Ukrayna prezidenti olması ehtimalı xeyli aşağıdır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO