Rusiya hansı hallarda əməliyyatları dayandıra bilər? – 3 ALTERNATİV ŞƏRT

Hazırda oxunan: Rusiya hansı hallarda əməliyyatları dayandıra bilər? – 3 ALTERNATİV ŞƏRT

63684

Humanitar böhranın yaşandığı Ukraynada sülhün tezliklə qələbə çalması bütün insanlığın arzuladığı nəticədir. Lakin bəllidir ki, müharibəni başladan Rusiya dayanmaq qərarına gəlmədikcə savaş davam edəcək. İndiki situasiyada müharibənin Ukraynada hakimiyyət dəyişmədikcə davam edəcəyi variantı hələ də aktuallığını qoruyur.

Lakin...

Rusiya hansı digər variantlarda hərbi əməliyyatları dayandıra bilər?

Siyasi şərhçilərin bu suala cavablarını 3 kateqoriyada cəmləşdirə bilərik:

1. Rusiyanın tələbləri qəbul olunarsa;

2. Beynəlxalq təzyiqlər Rusiya üçün seçim imkanı buraxmazsa;

3. Ukrayna xalqının əzmkarlığı davam edərsə, müharibə onların xeyrinə dəyişərsə.

İlk növbədə Rusiyanın tələblərinə nəzər salsaq görə bilərik ki, Kremlin tələbləri savaşa başladıqdan sonra müəyyən qədər dəyişikliyə uğramış şəkildə (Ukraynanın denazifikasiyası) təqdim olunur. Lakin Moskvanın məqsədləri bu fərqlərin bəhanə olması ehtimallarını artırır.

Rusiyanın Qərb qarşısındakı 3 şərti isə belə idi:

- NATO daha genişlənməməlidir, Ukrayna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır; 

- ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə, bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır; 

- ABŞ Avropa ölkələrində Rusyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir.

Qeyd etməliyik ki, hazırki şəraitdə Qərbin Moskvanın xüsusilə ilk 2 tələbini yerinə yetirməsi real görünmür.

İkinci variantı, yəni beynəlxalq təzyiqlərin Kremli sülhə məcbur etməsi ehtimallarını analiz etdikdə Qərbin hədəflədiyi ssenari ortaya çıxır.

Birincisi, öz maraqlarına mümkün qədər az zərər vuran bütün sahələrdə Rusiyaya sanksiyalar tətbiq etmək;

İkincisi, Rusiyanın orbitində olan ölkələrə təzyiqlər etməklə rəqibi tamamilə yalnızlaşdırmaq;

Üçüncüsü, müxtəlif etnik və sosial (xüsusilə də, oliqarxlar) qrupları hədəf almaqla Moskvaya qarşı narazılığı artırmaq;

Dördüncüsü, Rusiyadaxili münaqişə yaratmaqla ölkənin əsas prioritetlərini xaricdən daxilə doğru transformasiya etmək;

Sonuncu addımda isə, heç bir iddiası və ya iddialarını həyata keçirəcək gücü qalmayan Rusiya yaratmaq.

Ukrayna xalqının müqavimətinin də güclü təsir vasitəsi olduğunu istisna etməməliyik. 

Əvvəla onu bildirək ki, ukraynalılar bəlkə də özlərinin belə gözləmədikləri qədər uğurla müdafiə olundular. Onlar dünyanın 3 ən böyük hərbi gücündən biri hesab olunan ölkəni artıq 2 həftədir ki, real uğurlardan məhrum buraxıb. Eyni zamanda müttəfiqlərindən gələn maddi, humanitar, hərbi dəstək və minlərlə könüllü Ukraynaya müharibəni uzun müddət davam etdirmək imkanı yaradır. 

Xatırlatmaq yerinə düşər ki, SSRİ Əfqanıstan savaşında 10 ilə yaxın müddətdə 15 min əsgərini itirdiyi halda, bu say Ukraynada bir neçə günün içərisində 12 mini keçib. Rusiya hərbçilərini dislokasiya məntəqələrindən uzaqlığı səbəbindən manevr imkanlarının məhdudlaşması, şəhər döyüşlərində alınan ağır zərbələr, xalqın rus qoşunlarını gül-çiçəklə deyil, “molotof” kokteylləri ilə qarşılaması isə ən başlıca problemlərdir. Bu cür hallar rus ordusunda kütləvi təslim olmaların və fərariliyin artması ehtimallarını daha da gücləndirir. 

Ona görə də, Rusiya ordusu daha uzun müddət ciddi uğur qazana bilməsə, ordunun savaş əzminin getdikcə minimuma enəcəyi rus ekspertləri tərəfindən də etiraf olunan gerçəklikdir.

Eynilə Əfqanıstanda olduğu kimi. Bu gün də əksər analitiklər SSRİ-nin süqutunun başlanğıcının Əfqanıstanda qoyulduğunu qeyd edirlər. Ukraynadakı situasiya isə, Rusiya üçün Əfqanıstandan qat-qat daha ağırdır. 
Lakin istənilən halda əksər ekspertlər Ukraynada silahların yaxın perspektivdə susmayacağı mövzusunda həmfikir olaraq qalmaqdadırlar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO