Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Hazırda oxunan: Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

622231

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində əvvəlcə süni intellekt texnologiyası əsasında hazırlanmış “Ailəmiz – Türk dünyası” qısametrajlı filmi nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, daha sonra “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək dövlət qayğısının təzahürüdür.
 

Onun sözlərinə görə, bu Sərəncam həm 1926-cı ildə Bakıda keçirilmiş tarixi qurultayın iştirakçılarının xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir, həm də müasir türkologiyanın inkişafına göstərilən diqqəti əks etdirir.


Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayın ideyalarının XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsi mühüm vəzifələrdəndir. Bu baxımdan rəqəmsal türkologiyanın inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi və türkoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması xüsusi əhəmiyyət kəsb edir. O əlavə edib ki, AMEA Türk Akademiyası və qardaş ölkələrin elmi müəssisələri ilə ortaq tədqiqatlar, birgə nəşrlər və klassik irsin öyrənilməsi istiqamətində əməkdaşlığı genişləndirir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışında bildirib ki, bu gün Türk dünyası elm, mədəniyyət və düşüncə sahəsində ortaq məqsədlər naminə bir ailə kimi fəaliyyətini gücləndirir.

“Bizim dilimiz, tariximiz və coğrafiyamız fərqli ola bilər. Lakin bu fərqlər bizi ayırmır, əksinə ortaq sivilizasiyamızın zənginliyini təşkil edir”, – deyə Baş katib vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, türk əməkdaşlıq təşkilatları indiyədək türk dövlətləri arasında inteqrasiyanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, mövcud geosiyasi şərait əməkdaşlığın yeni mexanizmlərlə inkişaf etdirilməsini tələb edir.

“Əsas vəzifələrdən biri təşkilatlar arasında koordinasiyanın daha da təkmilləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə edilməsidir. Eyni zamanda, əməkdaşlıq mexanizmləri dövlətlərimizin inkişaf dinamikasına və yeni geosiyasi reallıqlara uyğunlaşdırılmalıdır”, – deyə Ş.Mustafayev bildirib.
 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında qeyd edib ki, yüz il əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, ziyalıları, dövlət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri ortaq gələcəyin müzakirəsi üçün Bakıda bir araya gəliblər.


Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay yalnız dil və əlifba məsələlərinin müzakirə olunduğu tədbir olmayıb, eyni zamanda ortaq mədəni yaddaşın qorunması, tarixi irsin öyrənilməsi və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm platforma kimi tarixə düşüb.

Panel sessiyanın sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.

Döş nişanlarını TÜRKSOY-un Baş katibi Sultan Raev akademiklər Rafael Hüseynova və Nizami Cəfərova təqdim edib. Daha sonra Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan nümayəndələri də xatirə döş nişanları ilə təltif olunublar.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO