XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarına növbəti MÜRACİƏT – 2 istiqamətdə ölkədən çıxa bilərlər

Hazırda oxunan: XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarına növbəti MÜRACİƏT – 2 istiqamətdə ölkədən çıxa bilərlər

61913

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda qeyd olunub.

Nazirlik Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.

Bildirilib ki, Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.

Buna görə də, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları aşağıdakı istiqamətlər üzrə qeyd olunan qaydada Ukrayna ərazisini tərk edə bilər:

- Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər.

Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

- Ukraynanın Polşa ilə olan Dorohusk-Jagodzin, Dolhobyczow-Uhrynow, Zosin-Ustyluh, Hrebenne-Rawa Ruska, Korczowa-Krakowiec, Medyka-Szeginie, Budomierz-Hruszew, Kroscienko-Smolnoca sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Polşa Respublikasının ərazisinə keçə bilər.

Sərhəd-keçid məntəqələri fasiləsiz çalışır və şəxslərin qəbulu ilə bağlı Polşa Hökumətinin +48 47 721 75 75 qaynar xətti ilə əlaqə saxlamaq olar.

Polşa tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Polşa tərəfinə etibarlı pasport və ya qayıdış şəhadətnaməsi ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından viza tələb olunmayacaqdır, lakin həmin şəxslər Polşa ərazisində 15 gündən artıq qala bilməzlər.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ilə +48 576 900 183, +48 22 718 30 70 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO