“Mən diqqəti iki tarixi toponimimizin düzgün yazılışı məsələsinə çəkmək istəyirəm. Həm də elə toponimlərin ki, onların saxtalaşdırılmış şəkildə işlənməsinə heç bir hüquqi prosedur yoxdur. Bunlardan biri İrəvan, ikincisi isə Tiflis şəhər adlarıdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bugünkü növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün elmi ədəbiyyatlarda ümumi şəkildə deyilir ki, 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilib Yerevan qoyuldu:
"Mən Azərbaycan tarixşünaslığında bu məsələyə dəqiqlik gətirmək istəyirəm. 1936-cı il avqustun 17-də SSRİ Mərkəzi İcraiyyə Komitəsi, sədr Mixail Kalininin imzası ilə “Yaşayış məntəqələrinin adlarının düzgün yazılışı haqqında” adlı qərar qəbul edib. Qərarda 3-ü Abxaziyada, 2-i Acariyada, 2-i Türkmənistanda, 12-i Gürcüstanda və 1-i Ermənistanda olmaqla 20 yaşayış məntəqəsinin adının yazılışına düzəliş olunub.
Maraqlısı budur ki, həmin qərarda o 20 toponimdən yalnız 3-nün adının ikili, yəni həm əvvəlki, həm də yeni variantda işlənməsi məqbul sayılıb: onlardan biri Ermənistanda İrəvan və ya Yerevan, ikincisi Türkmənistanda Neftedağ və ya Nebitdağ, üçüncüsü isə Gürcüstanda Tiflis və ya Tbilisi toponimləridir.
Biz indi İrəvanın tarixi İrəvan adını bərpa etmişik, uğurla da işlədirik, bu, təkcə bizim tarixi haqqımız deyil, həm də həmin qərarda təsbit olunub. Digər iki toponimə gəldikdə isə, onları hansı variantda işlətməyimiz də həmin qərarda bizim öz ixtiyarımıza buraxılıb. Əgər belədirsə, tarixi adlarımıza niyə sahib çıxmırıq?!"
Günay Şahmar, Bizim.Media

































































































