ABŞ-İran anlaşmasından SENSASİON DETAL – Sülhə aparan yol, yoxsa müvəqqəti ATƏŞKƏS?

ABŞ-İran anlaşmasından SENSASİON DETAL – Sülhə aparan yol, yoxsa müvəqqəti ATƏŞKƏS?

Hazırda oxunan: ABŞ-İran anlaşmasından SENSASİON DETAL – Sülhə aparan yol, yoxsa müvəqqəti ATƏŞKƏS?

615329

ABŞ və İran arasında yekun razılaşmanın detalları bəlli olub.

ABŞ lideri Donald Trampın sözlərinə görə, o, hazırlıq mərhələsində olan memorandumla bağlı Yaxın Şərqin bir neçə ölkə rəhbəri ilə məhsuldar danışıqlar aparıb. İndi tərəflərə yalnız sülh planının bütün bəndlərini tam rəsmiləşdirmək qalıb, bundan sonra sənəd ictimaiyyətə elan olunacaq.

“Axios” nəşrinin yazdığına görə, hazırlanan sənəddə aşağıdakı bəndlər yer alıb:

Mövcud atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması nəzərdə tutulur.

Digər tərəfdən, ABŞ İran limanlarının blokadasını aradan qaldıra və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları qismən yumşalda bilər. Sənəddə o da göstərilir ki, tammiqyaslı yekun saziş imzalanana qədər ABŞ İran ətrafındakı hərbi mövcudluğu qorunub saxlayacaq.

Burada habelə Tehrandan nüvə silahı əldə etmək iddiasından imtina etmək və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı danışıqların aparılması tələb olunur.

Görəsən bu müddəalar əsasında sülh mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, burada söhbətin sülhün imzalanmasından deyil, niyyət bəyannaməsindən gedir:

“Tərəflər hələlik məramnəmə imzalayıblar. Yəni burada söhbət hələlik niyyət bəyannaməsindən gedir. Bu da onu göstərir ki, tərəflərdən heç biri yenidən müharibənin qaynar mərhələsinə qayıtmaq istəmir. Lakin tərəflərin mövqeləri uyğun deyil. Bununla belə hər ikisi də atəşkəsdə maraqlıdır. Sənədə əsasən, daha 60 günlük atəşkəs olacaq. Tərəflər də bu müddət ərzində mövqelərini uyğunlaşdırmalıdır. Amma onların mövqeləri daban-dabana ziddir”.

Ekspert düşünür ki, İran nüvə proqramı məsələsində güzəştə getmək niyyətində deyil:

“ABŞ birmənalı olaraq güclüdür. Vaşinqton İranın dondurulmuş vəsaitlərini qaytarmaq fikrində deyil. İrana dəyən ziyanın miqdarı 300 milyard dollardır. ABŞ həmçinin, tələb edir ki, İran nüvə proqramını da razılaşdırsın. Bu isə İranın öz hüquqlarından imtina etməsi deməkdir”.

Həmsöhbətimizin fikrincə, Tramp üçün atəşkəs ölkə daxilində öz mövqeyini gücləndirmək üçün lazımdır:

“Hazırda dünyada iqtisadi vəziyyət ağırdır. Dünyanın demək olar ki, bütün bölgələri İran böhranından ziyan çəkir. Digər tərəfdən, payızda Amerikada aralıq seçkilər keçiriləcək. Hansı ki, həmin seçkilərdə Respublikaçıların uduzma ehtimalı böyükdür. Buna görə də Tramp üçün hazırda atəşkəs vacibdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO