Hər dəfə paytaxt Bakı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəndə xaricdən Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir. Şübhəsiz ki, bu cür kampaniyalar eyni mərkəzlərdən sinxron şəkildə həyata keçirilir. Məqsəd isə dəyişmir: Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna kölgə salmaq, ölkəmizin qazandığı uğurları və müstəqil xarici siyasət kursunu sarsıtmaqdır.
Yaxın tariximiz sübut edir ki, istər "Eurovision" mahnı müsabiqəsi, istər Birinci Avropa Oyunları, istərsə də COP29 kimi qlobal miqyaslı tədbirlər ərəfəsində eyni ssenari ilə təxribat xarakterli məlumatlar müntəzəm olaraq dövriyyəyə buraxılırdı.
İndi də müəyyən qərb dairələri, həmçinin, erməni lobbisinin təsiri altında olan media orqanları və qeyri-hökumət təşkilatları koordinasiyalı şəkildə hərəkət edərək, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı Azərbaycanla bağlı saxta və qərəzli materiallar yayaraq, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Onlar BMT-nin Bakıda təşkil etdiyi bütün beynəlxalq humanitar tədbirləri bu cür siyasiləşdirərək, öz aləmlərində “təzyiq rıçaqına çevirmək” niyyəti güdüblər.
Bu cür sinxron qarayaxma kampaniyaları nəinki dünyada, Azərbaycanda da heç bir diqqəti cəlb etmir.
Əksinə, Azərbaycan dövləti hər dəfə bu sınaqlardan daha güclü, daha təcrübəli və beynəlxalq miqyasda söz sahibi olan mərkəz kimi başıuca çıxır. Siyasi sifarişlərlə idarə olunan sözügedən mərkəzlər isə növbəti dəfə öz məqsədlərinə çata bilməməyin uğursuzluğunu yaşayaraq məyus oldular.
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri



































































































