Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yolun, regionda formalaşan yeni geosiyasi reallıqların və ölkənin həyata keçirdiyi xarici siyasətin mahiyyətini bir daha ortaya qoydu.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında bildirib.
Politoloqun fikrincə prezidentin çıxışı həm Azərbaycanın keçmişi və bu günü, həm də regionun gələcək siyasi mənzərəsi baxımından mühüm mesajlarla yadda qaldı:
“Azərbaycan son 30 ildə son dərəcə mürəkkəb və enişli-yoxuşlu bir tarix yaşayıb. 1990-cı illərin əvvəllərində Qarabağın və Şərqi Zəngəzurun işğal edilməsi, eyni zamanda Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlər ölkənin gələcəyini ciddi şəkildə sual altına qoymuşdu.”
Zaur Məmmədov qeyd edib ki, həmin dövrdə Azərbaycana qarşı regionda erməni məsələsini həyata keçirən dövlətlərin məkrli siyasəti, eləcə də ölkədaxili siyasi hakimiyyətlərin səriştəsiz fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı.
Onun sözlərinə görə, söhbət təkcə müəyyən ərazilərin işğalından getmirdi, bütövlükdə Azərbaycan dövlətinin gələcək taleyi təhlükə altında idi və hətta ölkənin sərhədlərinin hansı formada qalacağı belə sual doğururdu.
Məhz belə bir məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası baxımından həlledici rol oynadı.
Politoloq vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan əsl dövlət müstəqilliyinə qədəm qoydu:
“Onun həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, iqtisadi imkanlar genişləndirildi, Azərbaycanın beynəlxalq imici yenidən formalaşdırıldı və torpaqların gələcəkdə azad olunmasına hesablanmış strateji-konseptual xətt müəyyən edildi.”
Zaur Məmmədov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanın heç bir torpağının işğal altında qalmayacağını bəyan edirdi:
“Nəticədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev xalq qarşısında verdiyi vədi yerinə yetirdi və uzun illərdən sonra Azərbaycan xalqına tarixi qələbə qazandırdı.”
Politoloq qeyd edib ki, Azərbaycan xalqına və dövlətinə qarşı aparılan siyasət yalnız son 30 ilin deyil, bütövlükdə son iki əsrin reallığıdır: “Hələ 1918-1920-ci illərdə, eləcə də Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı dövrdən başlayaraq regionda müxtəlif beynəlxalq güclər erməni məsələsindən siyasi alət kimi istifadə ediblər. Naxçıvan, Zəngəzur, Qarabağ və İrəvanla bağlı proseslərdə də xarici dairələrin məkrli siyasəti açıq şəkildə hiss olunub.”
Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu ikili standartlarla və qeyri-obyektiv münasibətlərlə üzləşib və bu yanaşma sonrakı dövrlərdə də davam etdirilib:
“Xüsusilə 1990-cı illərdən başlayaraq və hətta 44 günlük müharibədən sonra belə bəzi Qərb dövlətləri yeni reallıqları qəbul etmək istəməyiblər. Başda Fransa olmaqla bəzi ölkələr işğalçı və imperialist yanaşmanı davam etdiriblər. Bu gün Avropada davam edən anti-Azərbaycan siyasəti, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və müxtəlif Qərb siyasi-hərbi institutlarında Azərbaycana qarşı nümayiş etdirilən mövqe bunu bir daha təsdiqləyir. Azərbaycanla bağlı qəbul olunan qərarlar, qətnamələr və bəyanatlar göstərir ki, ölkəyə qarşı siyasi təzyiq siyasəti hələ də davam etdirilir.”
Zaur Məmmədov hesab edir ki, Ermənistan daxilində fəaliyyət göstərən revanşist qüvvələr də region üçün təhlükə mənbəyi olaraq qalır:
“Qarabağ ideyasından əl çəkməyən həmin dairələr gələcəkdə müəyyən xarici qüvvələrin dəstəyi ilə Azərbaycana qarşı yeni iddialar ortaya qoya bilərlər. Bu baxımdan Prezident İlham Əliyevin Zəngilandakı çıxışında səsləndirdiyi xəbərdarlıqlar olduqca ciddi siyasi məna daşıyır.”
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz torpaqları ilə bağlı köhnə tezislərin yenidən gündəmə gətirilməsinə imkan verməyəcək:
“Əgər Ermənistan və ya onu dəstəkləyən xarici dairələr yenidən Azərbaycana qarşı işğalçılıq siyasətinə qayıtmağa cəhd göstərsələr, bunun nəticələri Ermənistanın özü üçün ağır olacaq.”
Zaur Məmmədov bildirib ki, bu xəbərdarlıq xüsusilə Ermənistanda seçki ərəfəsində həm cəmiyyət, həm iqtidar, həm də müxalifət üçün ciddi mesaj kimi qəbul edilməlidir:
“Azərbaycan Prezidentinin verdiyi mesajların arxasında real siyasi və hərbi güc dayanır.”
Politoloq qeyd edib ki, erməni xalqı tarix boyu müxtəlif dövlətlərin vədlərinə inanaraq yanlış istiqamətə yönləndirilib:
“Lakin artıq regionda yeni mərhələ başlayıb və əvvəlki geosiyasi sxemlər öz aktuallığını itirib. Prezident İlham Əliyev regionda iki əsr davam etmiş status-kvonu dəyişdirməyə nail oldu və bu gün Cənubi Qafqazda mərkəzində Azərbaycan dayanan yeni siyasi reallıq formalaşıb.”
Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan böyük dövlət olmasa da, hazırda regionun ən mühüm strateji mərkəzlərindən birinə çevrilib:
“Son dövrlərdə Prezident İlham Əliyevlə aparılan intensiv təmaslar və Azərbaycana edilən yüksək səviyyəli səfərlər də bunu sübut edir. Bu gün Azərbaycan mühüm geosiyasi, geoiqtisadi və kommunikasiya mərkəzi kimi qəbul olunur. Dünyanın müxtəlif güc mərkəzləri artıq anlayırlar ki, regional və qlobal maraqların həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.”
Zaur Məmmədov hesab edir ki, Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə verdiyi mesajlar yalnız Azərbaycan ictimaiyyətinə ünvanlanmayıb:
Bu mesajlar eyni zamanda regionda maraqları olan dövlətlərə, Ermənistan hakimiyyətinə və müxalifətinə, eləcə də beynəlxalq siyasi dairələrə yönəlmiş ciddi siyasi ismarıc idi. Hər kəs bu mesajlardan nəticə çıxarmalı və regionda yaranmış yeni reallıqları qəbul etməlidir.”
Bizim.Media



































































































