“MDB artıq siyasi klub funksiyası daşıyır” – Sahib Alıyev

“MDB artıq siyasi klub funksiyası daşıyır” – Sahib Alıyev

Hazırda oxunan: “MDB artıq siyasi klub funksiyası daşıyır” – Sahib Alıyev

51761

“Doğrusunu söyləmək gərəkdirsə, MDB inteqrasiya modelindən daha çox, keçmiş SSRİ-nin nisbətən qansız-qadasız dağılması üçün platforma rolunu oynadı. MDB həqiqətən də inteqrasiya modeli olsa idi, o zaman üzv dövlətlər arasında yenidən Rusiya-Belarus birliyi, KTMT, AİB kimi modellər formalaşdırılmazdı”.

Bu fikirləri millət vəkili Sahib Alıyev MDB-nin yaradılmasının 30-cu ildönümünü ilə bağlı Bizim.Media-ya verdiyi müsahibəsində qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

MDB-nin formal TOPLANTILARI – Birliyin sonuna nə qədər qalıb?

Belə ki, Azərbaycanın Birliyə üzv olması ilə bağlı fikirlərini bölüşən millət vəkili ilk növbədə bu addımın müsbət tərəflərini şərh edib:

“Təbii ki, bu birlikdə üzvlüyün Azərbaycan üçün müsbət tərəfləri mövcud idi. İlk növbədə, MDB-nin Alma-Ata deklarasiyasında üzvlərin ərazi bütünlüyü məsələsi öz əksini tapmışdı. İkincisi, digər MDB ölkələri ilə sovetlər dönəmindən qalma təsərrüfat əlaqələri mövcud idi. Bu əlaqələri nisbətən qorumaq üçün, birliyə üzvlük Azərbaycan üçün əlverişli idi”.

Sahib Alıyev Azərbaycanın MDB-ə üzv olmasında Heydər Əliyevin rolundan da danışıb:

“Doğrudur, MDB ilk vaxtlarda Azərbaycanda müstəqilliyi təhdid edən qurum kimi dəyərləndirilirdi. Lakin Ulu Öndər müdrik siyasətçi kimi, MDB-nin Azərbaycanın müstəqilliyinə xələl gətirməyəcəyini yaxşı anlayırdı. Bu səbəbdən də, onun hakimiyyəti dönəmində, Azərbaycanın üzvlüyü məsələsi öz həllini tapdı”.

Millət vəkili MDB-yə üzvlüyün Azərbaycan üçün müstəsna nailiyyətlər qazandırmadığını da qeyd edib:

“Ümumilikdə götürsək, MDB-ə üzvlüyün Azərbaycana böyük uğurlar qazandırdığını söyləmək mümkünsüzdür. Amma bu Azərbaycana hər hansı zərər də verməyib. Çünki rəsmi Bakı müstəqil siyasətini yeridib və heç bir hərbi blokda yer almadan öz neytrallığını qoruyub. Eyni zamanda Azərbaycan MDB tərkibində müəyyən inteqrasiya modelləri quran bir sıra dövlətərlə həmin təsisatların üzvləri arasındakı münasibətlərdən daha uğurlu əməkdaşlıqlar qura bilib”. 

MDB-nin Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur...

“MDB tarixi zərurət nəticəsində yaradılmış bir qurum idi. Açıq desək, həmin qurumun mövcudluğunun Azərbaycan üçün hal-hazırda elə bir əhəmiyyəti yoxdur. Fikrimcə, bu digər ölkələr üçün də belədir. Çünki MDB artıq siyasi klub funksiyası daşıyan bir qurumdur. Həmin üzv ölkələr başqa inteqrasiya modelində birləşiblər”, - deyə Sahib Alıyev fikirlərini yekunlaşdırıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO