Türkiyədə istefada olan kontr-admiral Türker Ertürk sosial şəbəkələrdə paylaşılan video görüntülərindəki ifadələrinə görə başladılan istintaq çərçivəsində gözaltına alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə NTV Haber məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, prosedurlardan sonra məhkəməyə sövq edilən Ertürk barəsində həbs qətimkan tədbiri seçilib.
Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən istefada olan kontr-admiral Türker Ertürkün sosial media hesabından paylaşılan video materiallardakı çıxışları əsas gətirilərək rəsmi istintaq başladılıb. Ertürk “əhali arasında qorxu və təşviş yaratmaq məqsədilə hədə-qorxu gəlmə” və “cinayət törətməyə təhrik” ittihamları ilə saxlanılıb.
Polis idarəsindəki dindirilmə prosesi tamamlandıqdan sonra ədliyyə binasına aparılan Türker Ertürk, çıxarıldığı növbətçi məhkəmənin qərarı ilə tutularaq həbsə göndərilib. 1957-ci ildə Trabzonda anadan olan Türker Ertürk, 2008–2010-cu illər arasında Dəniz Hərbi Məktəbinin komandanı vəzifəsində çalışıb. Ertürk Heybəliadada yerləşən Dəniz Hərbi Məktəbini bitirdikdən sonra, 1979-cu ildə zabit kimi hərbi dəniz donanmasına qatılıb.
Türker Ertürk 15 il ərzində gəmilərdə fəaliyyət göstərib və bu müddət ərzində üç hərbi gəminin komandanı olub. O, mayor rütbəsində Dəniz Qüvvələrinin Milli Planlaşdırma zabiti, polkovnik-leytenant rütbəsində Donanma Komandanlığının Təlim və Təlimlər Şöbəsinin rəisi, polkovnik rütbəsində isə Dəniz Qüvvələrinin Komanda-Nəzarət İdarəsinin rəisi vəzifələrini icra edib.
Türker Ertürk 1985–1987-ci illərdə Şimali Kipr Türk Cümhuriyyətində xidmət edib. 1988–1990-cı illərdə Dəniz Hərbi Akademiyasında ali hərbi təhsil alan Ertürk, 1992-ci ildə Silahlı Qüvvələr Akademiyasını, 1999-cu ildə isə Romada yerləşən NATO Müdafiə Kollecini bitirib.
30 avqust 2006-cı ildə kontr-admiral rütbəsinə yüksələn Türker Ertürk, 2006–2008-ci illərdə Qaradəniz Bölgə Komandanlığı vəzifəsində çalışıb. Ertürk 9 avqust 2010-cu ildə öz istəyi ilə hərbi xidmətdən istefa verib.
Ordudan ayrıldıqdan sonra siyasi fəaliyyətə başlayan Türker Ertürk Cümhuriyyət Xalq Partiyasına (CHP) qatılıb və təxminən beş il bu partiyanın daxilində fəaliyyət göstərib.
Ertürk 12 noyabr 2014-cü ildə CHP-dən istefa edib. Bir müddət siyasi fəaliyyətini müstəqil olaraq davam etdirdikdən sonra, 2019-cu ildə TBMM-də (Türkiyə Böyük Millət Məclisi) təşkil olunan mərasimlə yenidən CHP sıralarına geri dönüb.
Bizim.Media




































































































