Türkiyədə Kastamonu əyalətinin Cide rayonunun Kuşkayası kəndində naməlum pilotsuz uçuş aparatı (PUA) fındıq bağına düşərək alovlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Məlumata görə, hadisə yerli sakinin evinin cəmi 10 metrliyində baş verib. Güclü partlayış səsinə çölə çıxan kənd sakini evinin arxasındakı bağda yanan hava aparatının qalıqları ilə qarşılaşıb.
İlkin qiymətləndirmələrə görə, aparatın çəkisinin 200 kiloqramdan ağır olduğu təxmin edilir. Zərbənin təsirindən PUA-nın hissələri ətrafa səpələnib və fındıq bağına ziyan dəyib. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məsələ ilə bağlı dərhal əraziyə jandarma qüvvələri cəlb olunub, təhlükəsizlik kordonu qurulub və araşdırmalara başlanılıb. Aidiyyatı qurumlar PUA-nın mənşəyini və hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirməyə çalışırlar.
Eyni zamanda, analoji hadisənin qonşu Samsun əyalətinin Alaçam rayonunda da qeydə alındığı və orada da naməlum PUA qalıqlarının aşkar edildiyi bildirilir. İlkin ehtimallara görə, tapılan qalıqlar Ukrayna-Rusiya müharibəsi fonunda Qara dəniz üzərində nəzarətdən çıxan kamikadze dronlarına aid ola bilər.
Bizim.Media





































































































