Deputat: “Görəsən, biz özümüzə hörmət edirikmi?"

Deputat: “Görəsən, biz özümüzə hörmət edirikmi?"

Hazırda oxunan: Deputat: “Görəsən, biz özümüzə hörmət edirikmi?"
649564
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz xarici ölkələrə səfər edərkən digər millətlərin bizə hörmətlə yanaşmasını gözləyirik. Amma burada bir sual yaranır: Görəsən, biz özümüz özümüzə və bir-birimizə hörmət edirikmi?”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Azər Badamov sosial şəbəkə hesabında yazıb.

Deputat hava limanında şahidi olduğu mənzərədən söz açıb:

“Gecə saat 1-də yaxın qohumumu yola salmaq üçün hava limanına getmişdim. Qeydiyyat köşklərinin qarşısında təyyarəyə qeydiyyatdan keçmək istəyən sərnişinlərin bir-birinə qarşı nümayiş etdirdiyi hörmətsizliyi görəndə çox təəssüf etdim. 

Biz xarici ölkələrdə olarkən həm təyyarələrdə sərnişinlərin davranış qaydalarına necə riayət etdiklərini, həm də hava limanlarında qeydiyyat zamanı hər kəsin bir-birinə hörmətlə yanaşaraq, heç kimin növbəni pozmadan öz sırasını gözlədiyini görürük.
 

Təəssüf ki, bizdə mənzərə bəzən tamamilə fərqli olur. Növbəni gözləmədən kənardan sıraya daxil olmaq, qeydiyyat köşklərinin qarşısında dəstə şəklində toplaşaraq başqalarına mane olmaq, məsul şəxslərin tələblərinə məhəl qoymamaq və hər kəsin başqasını qabaqlamağa çalışması çox təəssüf doğurur.


Axı hamımız eyni təyyarə ilə uçuruq! Lakin qeydiyyatdan keçmək üçün növbə gözləmədən bir-birimizi itələyərək birinci olmağa çalışmağımız elə təəssürat yaradır ki, sanki təyyarə uçub gedəcək, kimsə isə orada qalacaq.

Təəssüf ki, bu mənzərə təyyarəyə mindikdən sonra da davam edir. Təyyarə eniş etdikdən sonra, hələ tam dayanmamış, bələdçilərin sərnişinlərə yerlərində oturmaq və təhlükəsizlik kəmərlərini açmamaq barədə xəbərdarlıqlarına məhəl qoymayanlar dərhal ayağa qalxır, əl yüklərini götürərək qapıya yaxınlaşmağa və hamıdan əvvəl düşməyə çalışırlar.

Bununla yanaşı, uçuş zamanı təyyarənin salonuna müxtəlif tullantıların atılması da xoşagəlməz mənzərə yaradır. Sərnişinlər təyyarəni tərk etdikdən sonra salonda qalan zibillər isə mədəniyyətimizə heç də yaraşmayan bir mənzərə ortaya qoyur.
 

Bütün bunlar bir daha göstərir ki, biz özümüzü belə apardıqda, ilk növbədə, özümüzə və bir-birimizə hörmət etmədiyimizi nümayiş etdiririk. Eyni zamanda, kənardan bizi müşahidə edən insanlarda xalqımız haqqında müəyyən təsəvvür formalaşdırırıq.


Əgər harasa gedərkən başqalarından hörmət gözləyiriksə, ilk növbədə, özümüz bir-birimizə hörmət etməyi bacarmalıyıq. İctimai yerlərdə davranışımızla necə mədəniyyətə, hansı dəyərlərə sahib xalq olduğumuzu nümayiş etdirməliyik.

Əlbəttə, biz yüksək mədəniyyətə və zəngin mənəvi dəyərlərə malik xalqıq. Lakin bu, xoşagəlməz davranışlara göz yummağımıza əsas vermir. Əksinə, belə hallara qarşı mövqeyimizi bildirməli, ictimai yerlərdə qaydalara riayət etməyənləri nəzakətlə qınamalı və hər kəsi müasir cəmiyyətin məsuliyyətli bir üzvü kimi davranmağa dəvət etməliyik.

Unutmayaq ki, ictimai qınaq cəmiyyətin davranış mədəniyyətinin formalaşmasında mühüm təsir vasitəsidir.

Başqalarından hörmət gözləyiriksə, ilk növbədə özümüz hörmət etməyi bacarmalıyıq. Çünki xalqın mədəniyyəti yalnız onun tarixi və keçmişi ilə deyil, həm də hər bir fərdin gündəlik davranışı ilə də ölçülür”, - deyə deputat əlavə edib.

Deputat: “Görəsən, biz özümüzə hörmət edirikmi?


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO