Cibini canından çox sevənlər - Kişilər qadınlara nisbətən niyə daha simic olurlar?

Cibini canından çox sevənlər - Kişilər qadınlara nisbətən niyə daha simic olurlar?

Hazırda oxunan: Cibini canından çox sevənlər - Kişilər qadınlara nisbətən niyə daha simic olurlar?
649447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heç düşünmüsünüzmü niyə kişilər qadınlara nisbətən daha simic olurlar? Əlbəttə, bu, bütün kişilərə aid deyil. Qurunun oduna yaşı da yandırmayaq. Amma etiraf edək ki, gündəlik həyatda kişilərin pul məsələsində daha xırdaçı, hesab-kitabçı, bəzən də ifrat dərəcədə xəsis davrandıqlarının şahidi oluruq. Nə vaxt baxırsan deyinirlər, qadınları israfçılıqda, pulgirlikdə qınayırlar. Halbuki qadın sadəcə ümumi ehtiyacların ödənişini istəyir.

Dərhal da bu cavabı eşidir:

“O gün almadıq? Nə tez qurtardı?”  

Ailə, müştərək həyat, kollektiv üçün yararsız kişilər...

Üstəlik, bu xəsislik heç də həmişə maddi imkansızlıqdan qaynaqlanmır. Elə kişi var, kifayət qədər qazanır, cibində pulu var, amma xərcləməyə gələndə sanki dünyanın ən ağır qərarını verməli olur. Xərclədiyi hər qəpiyin hesabatını aparır. Bəzən bir neçə manatlıq xərcə görə etdiyi simiclik onun illərlə qazandığı bütün hörməti yerlə bir edir. Çox qəribədir ki, belə kişilər özlərinə qarşı çox əliaçıq olurlar, özlərini heç nəyə tamarzı qoymurlar. 

Psixoloqlar belələrini ailə, müştərək həyat, kollektiv üçün yararsız kişilər hesab edirlər. Onların həyat prinsipi belədir:

“Hamı mənə çalışsın, mənim heç kimə xeyrim dəyməsin”. 

Maraqlıdır ki, qadınlarda belə xəsisliyə şahid olmuruq. Qadınlar çox vaxt pul xərcləməyi təkcə maddi itki kimi deyil, həm də qayğı, diqqət, zövq, paylaşmaq və həyatın gözəlliklərindən yararlanmaq vasitəsi kimi qəbul edirlər. Təbii ki, qadınlar arasında da xəsislik var, kişilər arasında da səxavətli, əliaçıq insanlar az deyil. Ancaq sosial mühitdə formalaşan imic artıq belə deməyə əsas verir. 

Bəs görəsən, bunun səbəbi nədir? Kişilər pulu daha çoxmu sevirlər? 

Təbii ki, uşaqlıqdan aşılanan tərbiyədən, ailə modelindən də çox şey asılıdır. Amma səbəbi nə olursa-olsun, qənaətcilliklə xəsislik arasında ciddi fərq var. Qənaətcil kişi pulun qədrini bilir, xəsis isə çox vaxt pulu insandan, ailədən, münasibətdən üstün tutur. Kişinin səxavəti onun şəxsiyyətinə yaraşıq verən keyfiyyətlərdəndir. Kişinin yaraşığı yalnız geyimində, görünüşündə, danışığında, yerişində deyil. Bir az da onun əl açıqlığında, alicənablığındadır. Bəzən də insanı gözdən salan böyük səhvlər deyil, elə bir neçə manatın arxasınca düşərkən göstərdiyi xırdaçılıqda olur.

Kişinin simicliyi təkcə qadınla, ailə ilə münasibətdə deyil, həyatın hər yerində özünü büruzə verir: dost məclisində, ziyafətdə, qonaqlıqda, hesab ödəyəndə, hətta beş-on manatın qalığını alanda belə. Adamın əlindən pulun qalığını az qala havadaca qapır. Elə bil kimsə onun haqqını əlindən alır. Bir neçə manatın arxasınca düşür, hesabın son qəpiyinə qədər göz qoyur, xərclədiyinin  peşmanlığını üzündən oxumaq olur. Pulun arxasınca elə baxır ki, sanki cibində yox, canından can gedir. Bax, həmin an insanın gözündən guppultuyla düşür. 

Nə qədər yaraşıqlı, nə qədər imkanlı, nə qədər nüfuzlu olursa-olsun, o xırda hərəkət bütün əzəmətini kölgədə qoyur. Çünki kişinin böyüklüyü yalnız sahib olduqları ilə ölçülmür, sahib olduqlarından necə istifadə etməsi ilə də ölçülür. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO