Fransanın məşhur aktrisası Bricit Bardoya məxsus şəxsi əşyaların və sənət nümunələrinin hərraca çıxarılması onun yaxınları arasında narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, Parisdə keçirilən hərrac tanınmış “Drouot” hərrac evi tərəfindən təşkil olunub.
Hərraca aktrisanın həyatının və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən şəxsi əşyalar, interyer nümunələri və hədiyyələr çıxarılıb.
Bricit Bardonun sonuncu həyat yoldaşı hərracın keçirilməsindən narazılığını açıq şəkildə ifadə edib. O, satışın onunla razılaşdırılmadığını və bu addımın ailənin və aktrisanın yaxınlarının maraqlarına zidd olduğunu bildirib.
Yaxınlarının etirazlarına baxmayaraq, hərrac planlaşdırıldığı kimi keçirilib.
Satışda ən yüksək qiymətə çıxarılan əşyalardan biri Bricit Bardonun çəkdiyi avtoportret olub. Əsər 30 min avroya satılıb. Aktrisanın akustik gitarası isə 9 min avroya alınıb.
Hərraca çıxarılan qeyri-adi əşyalar da alıcıların marağına səbəb olub. Bardo obrazı təsvir olunan rus matryoşka dəsti 5,5 min avroya, “Emmanuelle” model hörmə kreslo 5,3 min avroya, “Olivetti Lettera” markalı vintage çap maşını isə 3,5 min avroya satılıb.
“Drouot” nümayəndələrinin sözlərinə görə, kolleksiya dünyanın müxtəlif ölkələrindən olan kolleksiyaçıların və aktrisanın pərəstişkarlarının böyük marağına səbəb olub.
Bizim.Media


































































































