
- A-
- A
- A+
Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? – Yeni sistemin əsl məqsədi
“Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi və dövlət dəstəyi tədbirlərinin real ehtiyaclara uyğun təşkili üçün ilk növbədə ailələrin faktiki sosial-iqtisadi vəziyyəti barədə dolğun və etibarlı məlumatların olması vacibdir. Məhz bu məqsədə xidmət edən ev təsərrüfatlarının uçotunun 2027-ci ildən yeni elektron sistem üzərindən aparılması son günlər ictimai müzakirələrin mövzusuna çevrilib”.
Bizim.Media xəbər verir ki, bu barədə əməkdar jurnalist Elman Babayev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, təəssüf ki, bu mühüm təşəbbüsün mahiyyəti bəzən yanlış təqdim olunur, onun arxasında vergi və ya əmlak nəzarəti kimi məqsədlərin dayandığı barədə əsassız fikirlər səsləndirilir:
“Bəzi hallarda təşəbbüsün mahiyyəti təhrif olunur, ona istehza ilə yanaşılır və nəticədə ictimaiyyətdə yanlış təsəvvür formalaşdırılır. Halbuki söhbət yeni nəzarət mexanizmindən deyil, uzun illərdir tətbiq olunan uçot prosesinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsindən gedir.
Qeyd edək ki, Azərbaycanda ev təsərrüfatlarının uçotu 1940-cı illərdən kəndlərdə, 2012-ci ildən isə şəhər və qəsəbələrdə inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Sorğu əsasında həyata keçirilən bu proses zamanı ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti, ailə tərkibi, məşğulluğu, istifadəsində və mülkiyyətində olan torpaq sahələri, digər əmlakı və müvafiq sosial-iqtisadi göstəriciləri qeydə alınır. Uçotun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumat bazasının formalaşdırılmasıdır.
Əsas yenilik 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotunun ilk dəfə tam elektron qaydada həyata keçirilməsidir.
Belə ki, “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə uçot planşetlər üzərindən aparılacaq, məlumatlar vahid informasiya sistemində cəmləşdirilərək Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Dövlət informasiya sistemlərində mövcud olan məlumatlardan istifadə əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsinin avtomatik əldə edilməsinə və eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısının alınmasına imkan verəcək”.
Elman Babayev bildirib ki, digər mühüm yenilik vətəndaşların öz ev təsərrüfatlarına dair məlumatlarla “mygov” platforması vasitəsilə, əlavə sorğuya ehtiyac qalmadan, “bir pəncərə” prinsipi əsasında tanış ola bilmələridir:
“Bu imkan vətəndaşlara müvafiq məlumatları operativ və rahat şəkildə əldə etmək şəraiti yaradacaq. Belə yanaşma uçot prosesini sadələşdirməklə yanaşı, məlumatların dəqiqliyini, operativliyini və şəffaflığını artıracaq, vətəndaşların inzibati yükünü azaldacaq.
Ev təsərrüfatlarının uçotundan əldə edilən məlumatlar yalnız ailələrin sosial vəziyyətinin öyrənilməsi ilə məhdudlaşmır. Bu məlumatlar ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin, miqrasiya və urbanizasiya proseslərinin, kənd və şəhərlərdə məskunlaşma meyillərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Xüsusilə ucqar kəndlərdə əhalinin faktiki sayının və yaşayış ünvanlarının dəqiqləşdirilməsi, seçici siyahılarının aktuallaşdırılması və siyahıyaalma tədbirlərinin düzgün təşkili üçün etibarlı informasiya bazasının formalaşdırılmasına xidmət edir.
Uçot məlumatları regional inkişaf proqramlarının hazırlanmasına, sosial infrastrukturun təkmilləşdirilməsinə və dövlət investisiyalarının real tələbat əsasında planlaşdırılmasına da imkan verəcək.
Eyni zamanda, aztəminatlı ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, ünvanlı sosial yardımın daha operativ və səmərəli təşkili üçün mühüm informasiya bazası yaradacaq.
Bu məlumatlardan məşğulluq imkanlarının genişləndirilməsi, fərdi və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, qadınların və gənclərin iqtisadi və sosial imkanlarının artırılması, eləcə də ailə siyasətinin və əmək bazarına dair tədbirlərin təkmilləşdirilməsi istiqamətində də istifadə olunacaq.
Bütün bunlarla yanaşı, uçot zamanı əldə edilən fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı qorunacaq.
Beləliklə, ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması sadəcə məlumatların toplanması üsulunun dəyişdirilməsi deyil. Bu, dövlətin əhalinin real ehtiyaclarını daha dəqiq müəyyənləşdirməsinə, sosial dəstək tədbirlərini konkret ailələrin vəziyyətinə uyğunlaşdırmasına, büdcə vəsaitlərindən daha məqsədyönlü istifadə etməsinə və regionların inkişafını faktiki göstəricilər əsasında planlaşdırmasına xidmət edən mühüm rəqəmsal islahatdır. Əsas məqsəd daha çox məlumat toplamaq yox, etibarlı məlumatlar əsasında düzgün qərarlar qəbul etmək, dövlət dəstəyinin həqiqətən ehtiyacı olan ailələrə çatmasını təmin etmək və əhalinin rifahını yüksəltməkdir.
Sonda bir daha vurğulamaq vacibdir ki, ev təsərrüfatlarının uçotu əmlaka və ya təsərrüfat fəaliyyətinə nəzarət, yaxud əlavə vergi öhdəliklərinin müəyyənləşdirilməsi məqsədi daşımır.
Söhbət ailələrin real sosial-iqtisadi vəziyyətinin öyrənilməsi və dövlət dəstəyinin onların ehtiyaclarına uyğun şəkildə təşkilindən gedir”, - deyə müəllif əlavə edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































