
- A-
- A
- A+
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - Foto
Noyabrın 23-də Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.
Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.
Beş il əvvəl açılışı olan Mərkəzdə, habelə sonralar yaradılan İsmayıllı və Bərdədəki filiallarda ötən dövrdə 1160-dan çox şəxs təlimlərə və sosial-psixoloji xidmətlərə cəlb edilib. Hazırda 380-dək benefisiar bacarıqlarını inkişaf etdirir.
Alyona Əliyeva Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub. O, müəssisədə fəaliyyət göstərən səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət, kapoeyra studiyalarında olub, həssas qruplara aid şəxslərlə görüşüb, onların yaradıcılıq prosesini izləyib.
Qonağa DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi tədbirlər və sosial təşəbbüslər, Mərkəzin benefisiarlarının yaradıcılıq nümunələrinin daha geniş təbliği, geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyan dostart.az portalının fəaliyyəti barədə də məlumat verilib.
Alyona Əliyeva Mərkəzin təlimçilərinin və benefisiarlarının iştirakı ilə təqdim edilən xüsusi inklüziv konsert proqramını izləyib. (AZƏRTAC)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































