
- A-
- A
- A+
Düyü bahalaşacaq
Hindistanda düyü ixracına 30 faizlik vergi tətbiqi gündəmdədir. Belə ki, Hindistan hökuməti daxili bazarda təklifi artırmaq və qiymətlərin kəskin yüksəlməsinin qarşısını almaq məqsədilə basmati düyüsü istisna olmaqla, digər düyü növlərinin ixracına 30 faizlik vergi tətbiq edilməsi təklifini nəzərdən keçirir.
“Financial Express”ə məlumat verən mənbələr bu məhsullar üçün minimum ixrac qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin də davam etdiyini bildiriblər. “El Nino”nun təsiri ilə musson mövsümünün kharif əkin dövründə istehsalın azalacağı gözlənilir. Bu arada pərakəndə satış qiymətləri yüksəlməkdə davam edir.
Nəzərə alaq ki, Hindistandan ölkəmizə də böyük ölçüdə düyü idxal edilir. Ona görə də yeni vergi idxal olunan Hindistan düyüsünün qiymətlərinə ciddi təsir edəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, 2025-ci ildə ümumi düyü idxalının 70 faizi Hindistanın payına düşüb:
“Ərzaq təhlükəsizliyi baxımından da bu çox riskli göstəricidir. Çünki ixracatçı ölkədə baş verən iqtisadi təlatümlər idxalçı ölkələrə çox asanlıqla sirayət edə bilir. Ona görə də gec olmadan alternativlər axtarılmalıdır. Qazaxıstan, Pakistan, Vyetnam və digər ölkələrin ixrac imkanlarından istifadə olunmalıdır. Eyni zamanda, yerli düyünün istehsalı stimullaşdırılmalıdır.
Nəzərə alaq ki, yerli düyü keyfiyyətcə idxal olunan düyülərdən xeyli üstündür. Bir sözlə, Hindistan düyüsündən asılılıq aradan qaldırılmalıdır.
Hazırda Hindistanın daxili bazarında düyü təchizatı sahəsində problemlər yaşanır. Yerli hökümət daxili tələbatı ödəmək üçün ixraca tətbiq olunan vergiləri 30 faiz bahalaşdırmaq istəyir. İxrac qiymətlərinin 30 faiz bahalaşması isə idxalçı ölkələrdə özünü daha böyük rəqəmlə ifadə edə bilər. Bu mənada Hindistan hökuməti vergiləri artırsa, yaxın gələcəkdə ölkəmizdə düyü bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































