Yunanıstanın Maliyyə naziri Yanis Varufakis referendum səsverməsindən sonra istefa verə biləcəyini deyib. ANS PRESS-in məlumatına görə, o, "Bloomberg TV"yə müsahibəsində bildirib ki, referendum səsverməsində insanların beynəlxalq kreditorların tələblərinə "hə" deyəcəyi təqdirdə vəzifədən gedəcək. "Əgər bazar günü cavab "hə" olacaqsa, bazar ertəsi axşam mən artıq maliyyə naziri olmayacam. Amma bu vəzifəni tutacaq adama kömək edəcəm", - deyə Yanis Varufakis bildirib.
Bununla belə, o, Yunanıstan vətəndaşlarının beynəlxalq institutların tələblərinə "yox" deyəcəyini ehtimal edir. Nazir həmçinin əlavə edib ki, onun Yunanıstanın dövlət borcunun restrukturizasiyasını (defolt halında olan, öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsi - bu halda borcun ödənilməsini təmin etmək üçün müxtəlif güzəştlər tətbiq edilir) nəzərdə tutmayan müqaviləni imzalamağa "mənəvi haqqı yoxdur".

Yunanıstanın maliyyə naziri Yanis Varufakis (solda) baş nazirin parlamentdə çıxışı zamanı
Nazirin sözlərinə görə, referendumda "yox" deyiləcəyi təqdirdə də kreditorlarla razılıq əldə ediləcək. "Əgər referendumda "hə" deyiləcəksə, biz təklif olunan sövdələşməni imzalayacağıq. Nə də olsa, biz köhnə rejimli demokratlarıq. "Yox" deyilərsə, biz yeni sövdələşmə üçün müzakirələrə başlayacağıq. Və inanın mənə, bu razılıq əldə ediləcək", - deyə Varufakis bu gün verdiyi müsahibəsində bildirib.
Maliyyə naziri ölkədə bankların iyulun 7-də açılacağını da deyib. O, kapital hərəkətində uzadılmış məhdudiyyətlərin olmayacağını xatırladıb.
Yunanlar arasında keçirilən sosial sorğu zamanı məlum olub ki, ölkə əhalisinin əksəriyyəti bazar günü beynəlxalq kreditorların təklifinin lehinə səs verəcək. Çünki nəticələrə əsasən səs verənlərin 47 faizi "hə", 37 faizi isə "yox" deyəcək.

Yunanıstan əhalisi hakimiyyətin mövqeyinə qarşı etirazını bildirir.







































































































