Finlandiyanın ən qədim səyyar luna-parkı "Suomen Tivoli" 138 illik fəaliyyətinə son qoyur.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Yle" nəşri yayıb.
Bağlanmaya bir neçə amil – koronavirus pandemiyası, enerji böhranı, inflyasiya, ƏDV-nin artırılması, istehlakçı davranışının dəyişməsi, xərclərin çoxalması və insanların pul xərcləməkdə daha ehtiyatlı davranması səbəb olub.
Cari mövsüm şirkətin ardıcıl olaraq yeddinci zərərli mövsümü olub. İyul ayında luna-park yol xərclərinin çatışmazlığı səbəbindən planlaşdırıldığı kimi Oulu şəhərindən Kayani şəhərinə gedə bilməyib.
"Uzun müddət ərzində fəaliyyətdən əldə olunan gəlirlər xərcləri ödəmədikdə və gəlirli fəaliyyəti davam etdirmək üçün kifayət qədər zəmin olmadıqda, bu çətin qərarı qəbul etmək məsuliyyətli bir addımdır", - şirkətin bəyanatında qeyd olunub.
Luna-parkın baş direktoru Lulu Sariolanın sözlərinə görə, hətta biletlərin qiymətinin aşağı salınması ziyarətçiləri cəlb etməyə kömək etməyib.
"Suomen Tivoli" Finlandiyanın ilk luna-parkı hesab olunur. onun əsasını 1888-ci ildə şirkətin hazırkı rəhbərinin ulu babası Yohan Qrenroos qoyub.
Bizim.Media

































































































