
- A-
- A
- A+
Mersedesin bəzi modelləri daha istehsal olunmayacaq – Foto
Ən məşhur alman maşınlarından olan Mercedes-Benz-in EQE, EQE SUV və EQS SUV kimi elektrik modelləri üçün fərdi sifarişlər dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu, sözügedən avtomobillərin istehsalının başa çatmaq üzrə olduğuna işarə edir.
Qeyd edək ki, orta ölçülü Mercedes-Benz EQE sedanı (2021-ci ildə təqdim olunub), eləcə də EQE SUV və EQS SUV krossoverləri (hər ikisi 2022-ci ildə təqdim edilib) EVA, MEA və ya EVA II kimi müxtəlif adlarla tanınan ortaq modul elektrik platforması üzərində qurulub. Bu ilin əvvəlində Mercedes-Benz EQS ikinci dəfə restaylinqə və əsaslı texniki yenilənməyə məruz qaldı.
Bu yenilənmə çərçivəsində avtomobildəki EVA platforması 400 voltluq elektrik arxitekturasından 800 voltluq arxitekturaya keçirildi.
Mercedes-Benz ayrı-ayrı modellər üzrə satış rəqəmlərini açıqlamasa da, "BestSellingCarsBlog" resursu ABŞ və Çin bazarları üçün müstəqil məlumatları toplayıb. ABŞ-da Mercedes-Benz EQE-nin 2026-cı ilin ilk üç rübü ərzində satışları cəmi 126 ədəd təşkil edib (bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 94,6% azalma deməkdir).
Mercedes-Benz EQE SUV modelindən 1122 ədəd (-80,9%), Mercedes-Benz EQS SUV modelindən isə 626 ədəd (-77,9%) satılıb.
Bir sözlə, bu elektrik avtomobillərinin satışı çox zəifdir. Onların bazarda uğursuz olmasının bir neçə səbəbi var; bunlardan ən əsasları qəribə, balığı xatırladan dizayn, sensor ekranlı idarəetmə sistemlərinə əsaslanan eyni tipli interyerlər və yüksək qiymətlərdir. Buna görə də, şirkətin "EQ" adlandırmasından imtina etməsi təəccüblü deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































