
- A-
- A
- A+
Rusiyanın bu vilayətində də yanacağın satışına məhdudiyyətlər qoyuldu
Rusiyanın Tomsk vilayətində bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının satışına məhdudiyyət qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət hökuməti sədrinin müavini Vasili Potemkin jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, “Rosneft” yanacaq satışına əvvəlki limitləri yenidən tətbiq etmək qərarına gəlib. Belə ki, benzin üçün 30 litr, dizel yanacağı üçün isə 50 litr limit müəyyən edilib.
Fiziki şəxslərə kanistrlə yanacaq satışı da məhdudlaşdırılıb. Hər şəxsə 20 litrlik bir kanistr yanacaq almağa icazə verilir.
Potemkin bildirib ki, bölgədə yanacaq təchizatı ilə bağlı vəziyyət sabitdir. Ümumilikdə 146 yanacaqdoldurma məntəqəsindən 131-i fəaliyyət göstərir. “Qazprom Neft” yanacaqdoldurma məntəqələrində isə yaxın vaxtlarda məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.
Qeyd edək ki, Rusiyanın digər bölgələrində də yanacaq satışına məhdudiyyətlər yenidən tətbiq olunmağa başlayıb.
“Kommersant”ın noyabrın 9-da yaydığı məlumata görə, Krasnoyarsk diyarında “Rosneft” yanacaqdoldurma məntəqələrində Aİ-95 benzini üçün 30 litr, Aİ-92 üçün 50 litr, dizel yanacağı üçün isə 100 litr limit müəyyən edilib.
Oxşar tədbirlər Zabaykal diyarı, Kareliya və Buryatiyada da həyata keçirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































