
- A-
- A
- A+
Rusların dördtəkərli məğrur quşu – Sovet “lord”larının avtomobili necə ərsəyə gəldi? - Foto
Sovet avtomobil sənayesini simvolizə edən bir neçə avtomobil modeli var. İstər yük maşınları olsun, istərsə də yüngül avtomobillər… Filmlərin, bədii ədəbiyyatın əvəzolunmaz qəhrəmanları ZIL, “Pobeda”, “Moskviç”, yaxud çoxlarının xəyalı "Volqa"? Bu barədə fikirlər müxtəlifdir; yerli sənaye dövrünə görə zəngin və çeşidli idi. Amma bunların arasında bir model vardı ki, onu küçələrdə hətta görmək hər adama müyəssər olmazdı.
Ona sovet “lord”larının avtomobili də demək olardı - əfsanəvi “Çayka”
Bu iri qabaritli maşın, təbəqəsiz sayılan Sovetin yuxarı təbəqəsinə aid maşın idi: bol xrom elementlərlə bəzədilmiş, lüks, olduqca mürəkkəb, diqqətçəkən dizayna malikdi. Onu tez-tez 1950-ci illərin "Amerika drednoutları" (nəhəng döyüş gəmiləri) ilə müqayisə edirdilər. Yeri gəlmişkən, bu sovet "döyüş gəmisi" əslində "Amerika" mənşəli idi.
Sovet lüks avtomobili aerokosmik estetikanı özündə əks etdirir
"Çayka" üçün ilham mənbələrindən biri, xarici avtomobillərin qapalı sərgisində nümayiş etdirilən "Packard Patrician" modeli idi. 1950-ci illərin ortalarında təşkil olunmuş sərgidə "Packard Patrician" sedanı sonradan "Çayka"nın yaradılmasında xüsusi rol oynadı. Burada bəzi məqamlara aydınlıq gətirmək vacibdir. Birincisi, "ilham mənbəyi" anlayışını birbaşa surət çıxarmaq və ya plagiatla qarışdırmaq olmaz. Bu sovet lüks avtomobili, həmin dövrdə dəbdə olan, aerokosmik sahədən ilhamlanmış estetikanı özündə əks etdirir.
Bununla belə, o, özünəməxsusluğu və orijinallığı ilə seçilir ki, bu da dizayner Lev Mixayloviç Yeremeyevin istedadının sübutudur. Bundan əlavə, "Packard" avtomobilləri sovet avtomobil sənayesinin tarixində, hətta ölkənin siyasi həyatında da mühüm rol oynamışdır; xüsusilə qeyd etmək lazımdır ki, İosif Stalin şəxsən bu Amerika markasının pərəstişkarı idi.
“Çayka”nı hazırlayanlardan biri ispan qırıcı təyyarə pilotu və mühəndisi olub
Bundan başqa, avtomobilin hazırlanmasında ispan-sovet qırıcı təyyarə pilotu və mühəndis Ladislao Duarte Espes (Rusiyada Vladislav Petroviç kimi tanınır) də iştirak etmişdi. Espes çoxsaylı mükafatlara layiq görülmüşdü; onun təltifləri arasında "Moskvanın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, həmçinin 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri var idi.
Mühəndislik baxımından GAZ-13 olduqca diqqətçəkən, bəzi cəhətlərdən isə hətta qabaqcıl və qeyri-ənənəvi xüsusiyyətlərə malik idi. Məsələn, ənənəvi pilləkənvari çərçivə (rama) əvəzinə, avtomobil X-vari çərçivə üzərində qurulmuşdu – bu, "Packard" avtomobillərində və həmin dövrün bir çox digər Amerika avtomobillərində rast gəlinməyən bir konstruksiya xüsusiyyəti idi. Ön asqı olduqca ənənəvi olub, ikiqat köndələn qollardan, spiral yaylardan və amortizatorlardan ibarətdir; arxa hissədə isə yarpaq yaylar (ressorlar) üzərində yerləşən bütöv körpü (ox) istifadə olunmuşdu.
"Çayka"nın üç pilləli avtomatik sürət qutusu sükan çarxının solunda yerləşən düymələr vasitəsilə idarə olunurdu. Bu, sürücüyə neytral vəziyyəti, hərəkət rejimini, aşağı pilləni (mühərriklə tormozlama üçün) və ya geri ötürməni seçməyə imkan verirdi.
Müqayisə üçün qeyd edək ki, həmin dövrün bəzi Amerika avtomobillərində məsələn məşhur "Cadillac" modellərində pnevmatik asqıdan istifadə olunurdu. "Çayka"da dördkameralı karbürator, sükan gücləndiricisi, vakuumlu tormoz gücləndiricisi, həmçinin elektrik şüşə qaldırıcıları, avtomatik stansiya axtarış funksiyası olan radio və elektrik ötürücülü antena kimi rahatlıq elementlərini özündə birləşdirən ilk avtomobil idi. Bu da onu dövrünün ən valehedici maşınlarından edirdi.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































