
- A-
- A
- A+
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaq?
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri tamamilə kəsmək üçün hələlik qəti hüquqi addımlar atmır.
Bizim.Media xəbər verir ki, politoloq Dmitri Solonnikov NEWS.ru-ya müsahibəsində belə bir mövqenin düşünülmüş davranış xətti olduğunu bildirib.
Onun fikrincə, hökumət başçısı bu qədər ciddi qərara görə şəxsi məsuliyyət daşımağa hazır deyil.
“Danışmaq olar, amma məsələnin həlli ilə bağlı məsuliyyəti üzərinə götürmək olmaz. Buna görə də Paşinyan üçün KTMT tərəfdaşlarının Ermənistanın statusunun məhdudlaşdırılması və ya təşkilatdan çıxarılması barədə yekun qərarı özlərinin qəbul etməsi daha sərfəli ola bilər. Belə olan halda ölkə daxilində baş verənləri Rusiyanın və təşkilatın digər üzv dövlətlərinin qeyri-dost addımı kimi təqdim etmək mümkün olacaq”, – deyə politoloq bildirib.
Solonnikov vurğulayıb ki, KTMT-nin Ermənistanı səsvermə hüququndan məhrum etmək qərarı Rusiyanın Cənubi Qafqaz siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq və regionda yeni sarsıntılar yaratmayacaq.
Onun sözlərinə görə, mövcud vəziyyət dəyişməz qalacaq, Rusiya müxtəlif strukturlar və təşkilatlarla, o cümlədən rəsmi İrəvan və Ermənistan müxalifəti ilə əməkdaşlığını davam etdirəcək.
Qeyd edək ki, noyabrın 11-də Moskvada keçirilən KTMT sammitində Ermənistanın təşkilatda məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, borclarına görə respublika təşkilatda səsvermə hüququnu da itirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































