
- A-
- A
- A+
Heyvandarlıqla bağlı yenilik - Ət kəskin ucuzlaşacaq
Biz azərbaycanlıların ətə qarşı xüsusi həssaslığımız var. Üstəlik təzə ətə daha çox üstünlük veririk. Dondurulmuş ət bizim üçün o qədər də cəlbedici deyil.
Bu səbəbdən də təzə ətə artan tələbatımız qədərincə ödənlimədiyi üçün qiymət aybaay bahalaşır.
Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkələrində əhaliyə 550 milyon 732,5 min manatlıq ət məhsulları (quş əti daxil) satılıb.
Dövlət Statistika Komitəsinın məlumatına görə, əhalinin ət məhsullarının alışına çəkdiyi xərcin həcmi 2024-cü illə müqayisədə 84 milyon 524,8 min manat və ya 18,1% artıb.
Qeyd edək ki, 2024-cü ildə ölkədə əhaliyə 466 milyon 207,7 min manatlıq ət məhsulları satılmışdı.
Başqa sözlə, ötən il Azərbaycanda əhali ət məhsullarına hər ay orta hesabla 45 milyon 894,4 min manat pul xərcləyib. 2024-cü ildə bu rəqəm 38 milyon 850,6 min idi. İllik müqayisədə əhalinin ət almağa çəkdiyi xərc hər ay orta hesabla 7 milyon 43,8 min manat daha çox olub.
Özünütəminatdakı eniş...
Azərbaycanda ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 83,3% təşkil edib. Bu göstərici 2024-cü ilin 83,4%-lik nəticəsi ilə müqayisədə 0,1 faiz bəndi azalıb.
Özünütəminatdakı çatışmazlığın əsas səbəbi istehsalatda olan problemlərdir. Otlaq problemi, yem məhsullarının bahalığı və digər səbəblər məhsulun maya dəyərini ilbəil artırır.
Məsələn, 2025-ci ildə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qaranın 100 kiloqram diri çəki üzrə maya dəyəri 574,20 manat təşkil edib. 2024-cü ildə bu göstərici 415,72 manat idi. Beləliklə, bir il ərzində maya dəyəri 158,48 manat və ya 38,1 faiz artıb. Qoyun və keçilərin 100 kiloqram diri çəki artımının maya dəyəri isə 357,99 manatdan 406,11 manata yüksəlib.
Yeni Proqram nə vəd edir?
Əhalinin artan tələbatını lazımınca qarşılamaq və özünütəminatda yerli istehsalın payını artırmaq üçün hökumət hərəkətə keçib. Bu yaxınlarda Respublika Prezidentinin sərəncamı ilə aqrar sektorun inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı qüvvəyə minib.
Yeni proqrama əsasən, 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənir. Cins heyvanların sürüdə payının 10 faizə çatdırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur.
Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.
Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir.
İribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirlərdən biridir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir.
Qoyunçuluqla bağlı hədəflər
2030-cu ilə qədər qoyun əti istehsalının 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, ixracın 2,9 min tona çatdırılması və özünütəminetmə səviyyəsinin 7 faiz artırılması nəzərdə tutulur. Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir.
Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür.
Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur.
Dövlət heyvandarlığın inkişafını stimullaşdırmaq üçün də əlavə tədbirlər görür. Məsələn, aqrar sığorta sahəsində yeni xidmətlər irəli sürülür. Məsələn, 1 baş iribuynuzlu heyvanın 1 il müddətinə sığortalanması fermer üçün artıq 36 manata başa gəlir. Sığortanın ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir.
Bu da o deməkdir ki, 10 heyvanın sığortalanmasına 360 manat ödəyən fermer, cəmi 1 heyvan tələf olduqda belə, ödədiyi pulu təqribən 4 qat geri qaytarır və fəaliyyətini davam etdirə bilir.
Müsbət haldır ki, sığorta haqqının aybaay ödənişinə də imkan verilir. Belə olanda isə fermer hər heyvana görə ayda cəmi 3 manat vəsait ödəyir.
Sonda bu vəsait sahibkarı bir çox xoşagəlməz hadisələrdən sığortalayır.
Bu günlərdə isə qoyun ətini stimullaşdırmaq üçün növbəti addım atılıb. Artıq satış yerlərində qoyun (1 cəmdək) üzərinə nişanın qoyulması (1 müayinə üçün) üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır.
Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qoyun ətinin (1 cəmdək) baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsinə və ya məhsulların üzərinə nişanın qoyulmasına görə 4 (dörd) manat məbləğində dövlət rüsumu müəyyən edilib.
Halbuki 18.66-2-ci maddədə qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 (beş) manat rüsum müəyyən olunub. Belə olan halda, çəkisi daha az olan və daha çox kəsimə təqdim olunan qoyun (1 cəmdək) üçün 4 (dörd) manat rusum kifayət qədər yüksək məbləğ hesab edilir.
Son olaraq deyə bilərik ki, qarşıya qoyulan hədəflərə çatılsa, mal və qoyun ətində yaxın illərdə ucuzlaşmanı görəcəyik.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































