
- A-
- A
- A+
Avropa ilə münasibətlərdə yeni mərhələ - Bakı “köhnə qitə”nin siyasi dialoq mərkəzinə çevrilir
İrlandiyanın paytaxtı Dublində təşkil olunan Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı ölkəmizin Avropa siyasi məkanında möhkəmlənən mövqeyini bir daha gündəmə gətirir. Azərbaycanın bu platformada fəal iştirakı, Avropa liderlərinin ölkəmizlə əməkdaşlığa və Prezident İlham Əliyevin mövqeyinə göstərdiyi maraq təsadüfi deyil. Bu, dövlət başçısının uzun illər ərzində həyata keçirdiyi düşünülmüş diplomatik strategiyanın, beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı münasibətlərin və milli maraqlara söykənən müstəqil xarici siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti Azərbaycanın geniş beynəlxalq proseslərdə mühüm tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artmasında Prezident İlham Əliyevin enerji və nəqliyyat diplomatiyası xüsusi yer tutur. Dövlət başçısının siyasi iradəsi və təşəbbüsləri sayəsində reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Təbii qaz ixracının genişləndirilməsi, bərpaolunan enerji sahəsində yeni tərəfdaşlıqların qurulması Azərbaycanın Avropa ilə uzunmüddətli əməkdaşlığını daha da gücləndirib.
Eyni zamanda, Prezident İlham Əliyevin strateji baxışı əsasında inkişaf etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz kimi layihələr ölkəmizin Avrasiya məkanında nəqliyyat və logistika qovşağına çevrilməsində mühüm rol oynayıb. Bu təşəbbüslərin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi potensialını gücləndirməklə yanaşı, onun beynəlxalq siyasi çəkisinin artmasına da ciddi təsir göstərib.
Prezident İlham Əliyevin diplomatik siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif siyasi və geosiyasi güc mərkəzləri ilə münasibətlərdə balansın qorunması, eyni zamanda, Azərbaycanın milli maraqlarının prinsipial şəkildə müdafiə olunmasıdır.
Məhz bu yanaşma ölkəmizin müstəqil qərarlar qəbul edən, etibarlı və konstruktiv tərəfdaş kimi mövqeyini gücləndirib. Avropa liderlərinin Prezident İlham Əliyevlə görüşlərə xüsusi önəm verməsi, regional və beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyinə maraq göstərməsi də bu diplomatik xəttin nəticələrindən biridir.
Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar ölkəmizin regional proseslərdə rolunu daha da artırıb.
Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi, regional kommunikasiyaların açılması və qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri Azərbaycanın Cənubi Qafqazın gələcəyinin müəyyənləşdirilməsində əsas siyasi aktorlardan biri olduğunu nümayiş etdirir.
Bütün bu proseslərin məntiqi davamı olaraq 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Bakıda keçirilməsi barədə qərar xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır.
Azərbaycanın belə bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək olması Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı siyasi dialoq mühitinin və uğurlu diplomatik fəaliyyətinin mühüm nəticəsi kimi dəyərləndirilir.
Ülviyyə Zülfiqar, siyasi şərhçi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































