“Qara qızıl”dan “yaşıl enerji”yə... – Xəzərin küləyi Avropanı necə “qızdıracaq”?

“Qara qızıl”dan “yaşıl enerji”yə... – Xəzərin küləyi Avropanı necə “qızdıracaq”?

Hazırda oxunan: “Qara qızıl”dan “yaşıl enerji”yə... – Xəzərin küləyi Avropanı necə “qızdıracaq”?
647181
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Antalyada COP31 çərçivəsində “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.

Saziş “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir. Sənəd təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsini nəzərdə tutur.

Avropanın dəyişən enerji xəritəsi

Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan saziş ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu təşəbbüs təkcə elektrik enerjisinin ixracı deyil, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, yaşıl iqtisadiyyatın inkişafında və qitələrarası enerji əməkdaşlığında rolunun genişlənməsim deməkdir.

Bu gün dünya enerji sektorunda ciddi dəyişikliklər baş verir. Ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji istehsalı, enerji marşrutlarının şaxələndirilməsi və karbon emissiyalarının azaldılması dövlətlərin iqtisadi strategiyalarında mühüm yer tutur. Belə bir şəraitdə Azərbaycan özünün zəngin enerji potensialını yeni istiqamətlər üzrə reallaşdırmağa başlayır.

Azərbaycan uzun illər Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi tanınıb. Neft və təbii qaz ixracı ilə formalaşan bu əməkdaşlıq indi yaşıl enerji istiqamətində də yeni məzmun qazanır. Başqa sözlə, Azərbaycan Avropaya yalnız ənənəvi enerji resursları deyil, gələcəyin enerjisini də təqdim etməyə hazırlaşır.

Dörd ölkəni birləşdirən yeni enerji əməkdaşlığı

Noyabrın 10-da Antalya şəhərində imzalanan sənəd 2024-cü ildə başlanmış danışıqların və 2025-ci il aprelin 4-də Bakıda imzalanmış yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə Anlaşma Memorandumunun davamıdır. Beləliklə, əvvəlcə əməkdaşlıq niyyəti kimi ortaya çıxan təşəbbüs artıq hökumətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sazişin əsas mahiyyəti Azərbaycanda və tərəfdaş ölkələrdə bərpaolunan mənbələrdən istehsal edilən elektrik enerjisinin mövcud və yeni yaradılacaq ötürücü xətlər vasitəsilə Avropa bazarlarına çatdırılmasıdır. Bunun üçün sərhədlərarası elektrik ötürücü infrastrukturunun genişləndirilməsi, yeni xətlərin çəkilməsi, enerji sistemlərinin inteqrasiyası və elektrik enerjisinin təhlükəsiz, fasiləsiz ötürülməsi üçün texniki və kommersiya mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Diqqətçəkən məqamlardan biri layihənin idarə olunması üçün dörd ölkənin ötürücü sistem operatorlarının iştirak edəcəyi müştərək müəssisənin yaradılmasının planlaşdırılmasıdır. Həmçinin enerji xidmətlərinin səmərəliliyini artırmaq üçün fiber-optik rabitə və məlumat ötürülməsi infrastrukturunun inkişafı da sənəddə əksini tapıb. Layihənin ötürmə gücünün perspektivdə 2–3 min meqavata çatdırılması gözlənilir.

Azərbaycanın enerji ixracında növbəti mərhələ

Bu layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə ölkəmizin enerji ixracının strukturunda yeni istiqamətin formalaşmasıdır. İndiyədək Azərbaycan Avropa üçün əsasən neft və təbii qaz təchizatçısı kimi tanınırdı. İndi isə bərpaolunan elektrik enerjisinin ixracı ilə bu əməkdaşlığın miqyası genişlənir.

Məsələnin mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycanın külək və günəş enerjisi potensialı kifayət qədər böyükdür. Xəzər dənizinin külək enerjisi imkanları, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji potensialı, Naxçıvanın günəş enerjisi imkanları ölkəmizin gələcək enerji ixracı üçün yeni resurs bazası yaradır.

Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın yalnız daxili tələbatını ödəmək deyil, artıq istehsal olunan elektrik enerjisini beynəlxalq bazarlara çıxarmaq məqsədinə də xidmət edir. Bununla yanaşı, enerji istehsalının artması ötürücü şəbəkələrin yenilənməsini, saxlama sistemlərinin yaradılmasını və enerji balansının çevik idarə olunmasını zəruri edir.

Daha bir mühüm məsələ Azərbaycanın regional enerji qovşağına çevrilməsidir. Çünki bu marşrut təkcə ölkəmizdə istehsal olunan elektrik enerjisinin ixracına deyil, gələcəkdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resurslarının da Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yarada bilər. Azərbaycanın bu istiqamətdəki planlarında Naxçıvan üzərindən Türkiyə ilə enerji bağlantısının qurulması da xüsusi yer tutur.

TANAP təcrübəsi yaşıl enerji sahəsində davam etdirilir

Azərbaycanın enerji siyasətində bu layihənin əhəmiyyətini daha aydın anlamaq üçün Cənub Qaz Dəhlizinin təcrübəsinə nəzər salmaq kifayətdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP Azərbaycanın enerji resurslarını beynəlxalq bazarlara çatdıran mühüm infrastruktur layihələridir.

İndi isə oxşar əməkdaşlıq modeli elektrik enerjisi sahəsində formalaşdırılır. Təsadüfi deyil ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bu təşəbbüsü elektrik enerjisi üçün TANAP modeli kimi xarakterizə edib.

Əgər TANAP Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya çatdırırsa, yeni yaşıl enerji dəhlizi bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin eyni coğrafiyada yeni marşrutla ötürülməsini hədəfləyir.

Bu, Azərbaycanın enerji diplomatiyasında mühüm yenilikdir. Çünki ölkəmiz artıq təkcə enerji istehsalçısı və ixracatçısı deyil, həm də müxtəlif regionları birləşdirən enerji tranziti və əməkdaşlıq mərkəzi kimi çıxış etmək imkanlarını genişləndirir.

Avropanın enerji təhlükəsizliyinə töhfə

Avropa İttifaqı son illərdə enerji mənbələrinin şaxələndirilməsinə, alternativ təchizat marşrutlarının yaradılmasına və bərpaolunan enerjinin payının artırılmasına xüsusi diqqət yetirir. Bu baxımdan Cənubi Qafqaz üzərindən Türkiyəyə, oradan isə Bolqarıstan vasitəsilə Avropa bazarlarına uzanacaq elektrik enerjisi dəhlizi strateji əhəmiyyət daşıyır.

Layihənin reallaşması Avropanın enerji təminatında alternativ imkanların yaranmasına, tərəfdaş ölkələrin elektrik enerjisi sistemlərinin qarşılıqlı əlaqəsinin güclənməsinə və təchizat mənbələrinin şaxələndirilməsinə xidmət edə bilər.

Eyni zamanda, bu əməkdaşlıq Gürcüstan və Türkiyənin tranzit imkanlarını genişləndirir, Bolqarıstan vasitəsilə Avropa enerji bazarına çıxışı asanlaşdırır. Beləliklə, dörd ölkənin iqtisadi maraqları vahid enerji platformasında uzlaşdırılır.

Yaşıl enerji həm də iqtisadi inkişaf deməkdir

Layihənin Azərbaycana gətirəcəyi dividendlər yalnız elektrik enerjisinin satışından əldə olunacaq gəlirlərlə məhdudlaşmayacaq. Bərpaolunan enerji sektoruna yeni investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı üçün də əlavə imkanlar açılacaq.

Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji layihələrinin genişləndirilməsi həmin ərazilərin iqtisadi dirçəlişinə də töhfə verə bilər. Bu bölgələrdə istehsal edilən elektrik enerjisinin ölkənin ümumi enerji sisteminə, oradan isə beynəlxalq ötürücü şəbəkələrə inteqrasiyası perspektivdə mühüm iqtisadi nəticələr vəd edir.

Digər tərəfdən, yaşıl enerji ixracı Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə töhfəsini artırmaqla yanaşı, ölkəmizin ekoloji baxımdan dayanıqlı iqtisadiyyat qurmaq strategiyasını da dəstəkləyir.

Yeni enerji xəritəsində Azərbaycanın mövqeyi

Əslində, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizi daha geniş geosiyasi və iqtisadi proseslərin tərkib hissəsidir. Xəzər hövzəsini Qara dəniz və Avropa ilə birləşdirən bu əməkdaşlıq modeli regionda yeni qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya imkanları yaradır.

Bu gün dünyanın enerji xəritəsi dəyişir. Enerji təhlükəsizliyi artıq yalnız neft və qaz ehtiyatları ilə ölçülmür. Elektrik enerjisinin istehsalı, ötürülməsi, saxlanılması və beynəlxalq bazarlara çıxarılması dövlətlərin strateji imkanlarının mühüm göstəricisinə çevrilir.

Azərbaycanın qarşısında dayanan əsas vəzifə zəngin bərpaolunan enerji potensialını real iqtisadi gücə çevirmək, müasir ötürücü infrastruktur yaratmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı konkret nəticələrlə möhkəmləndirməkdir.

Nəticə etibarilə, Azərbaycanın yaşıl enerji dəhlizi təşəbbüsü ölkəmizin gələcək inkişafına hesablanmış uzunmüddətli strateji layihədir. Bu günədək Azərbaycan öz nefti və qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verirdisə, gələcək perspektivdə günəşin və küləyin gücündən əldə etdiyi elektrik enerjisi ilə də bu missiyanı davam etdirməyi hədəfləyir.

Bu, Azərbaycanın dəyişən dünya iqtisadiyyatında yeni mövqeyinin, artan beynəlxalq əməkdaşlıq imkanlarının və gələcək nəsillər üçün dayanıqlı inkişaf strategiyasının ifadəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO