
- A-
- A
- A+
Ukraynanın taleyi masada – Zelenski hansı ərazi güzəştlərinə razılıq verəcək?
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilib.
Bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram”dakı paylaşımında bildirib.
“Biz Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar formatında müzakirələr aparırıq. Gündəlikdə hərbi əməliyyatlara son qoymaq və sülhü yaxınlaşdırmaq kimi əsas məsələlər var", - deyə Umerov əlavə edib.
O qeyd edib ki, nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışır.
Xatırladaq ki, üçtərəfli danışıqların ilk mərhələsi noyabrın 10-da keçirilmişdi. Əbu-Dabidə baş tutan görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri iştirak etmişdilər.
Görüş iştirakçıları Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə etmişdilər.
Qeyd edək ki, üçtərəfli görüşdə birgə bəyanat qəbul edilib. Sənəddə qeyd olunub ki, gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı, həmçinin etibarlı təhlükəsizlik təminatlarını əhatə etməlidir:
“Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanma üçün zəruri etimad mühitini yaradacaq praktik və bir-birini tamamlayan təhlükəsizlik sisteminin hazırlanmasıdır”.
Tərəflər, həmçinin müharibədən sonrakı dövr üçün təhlükəsizlik sazişlərinin hazırlanmasını, risklərin idarə olunması və təhlükəli eskalasiyanın qarşısının alınması mexanizmlərini müzakirə ediblər:
“Güclü NATO Avroatlantik məkanın kollektiv müdafiəsinin əsas elementi olaraq qalacaq. ABŞ, Ukrayna və Avropa tərəfdaşları danışıqlar prosesi boyunca sıx əməkdaşlığı davam etdirəcəklər. Onların ümumi məqsədi Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə keçmək və hərtərəfli, davamlı sülhə nail olmaqdır”.
Ukraynanı hansı aqibət gözləyir?
İki günlük danışıqların bütün detalları hələ ki, açıqlanmır. Amma sızan məlumatlara görə, müzakirələr heç də Ukraynanın maraqlarına uyğun getmir.
Baxmayaraq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülh naminə ərazi güzəştlərinə getməyəcəyini və NATO üzvlüyündən başqa heç bir təhlükəsizlik zəmanətini qəbul etməyəcəyini bir daha bəyan edib.
Ukrayna lideri ölkə ərazilərinin sülh naminə verilməsini qeyri-müəyyən ifadə kimi qiymətləndirib. Onun sözlərinə görə, Kiyev Donbasdan geri çəkilsə belə, Rusiya Prezidenti Vladimir Putinin dayanacağına heç kim inanmır. Zelenski hesab edir ki, Moskva sadəcə hərbi əməliyyatlarda fasilə verəcək.
Zelenskinin qeyri-müəyyən açıqlamasında Ukraynanın gələcəyi aydın görünmür.
Yeri gəlmişkən bundan əvvəl ABŞ Prezidenti Donald Tramp sülh sazişi imzalandıqdan sonra Ukraynanın “bir qədər fərqli formada” olacağını bildirib.
ABŞ Prezidenti Ukraynada müharibənin başa çatdırılması ilə bağlı sülh sazişinin tezliklə əldə olunacağını deyib. O, sazişin nəticəsində Ukraynanın sərhədlərinin dəyişə biləcəyinə də eyham vurub.
Ondan sülh sazişinin nəticəsində “hər şeyin azad və müstəqil Ukraynanın qorunub saxlanılması ilə yekunlaşacağını” gözləyib-gözləmədiyi soruşulub. Tramp isə belə cavab verib:
“Düşünürəm ki, razılaşma əldə edəcəyik və bunun baş verəcəyinə inanıram. Nəticədə Ukrayna bir qədər fərqli görkəm alacaq”.
Sülhə gedən yolda əsas maneənin nədən ibarət olduğu barədə suala cavabında Tramp bunun Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı “nifrət” olduğunu bildirib.
Göründüyü kimi, danışıqların təşkilatçısı və təşəbbüskarı olan Amerika hökümətinin Ukraynanın gələcəyi ilə bağlı konkret fikri yoxdur.
Bu məsələdə Rusiyanın mövqeyi daha aydındır.
Belə ki, Rusiya dəfələrlə bəyan edib ki, işğal olunan ərazilər heç bir halda Ukraynaya qaytarılmayacaq.
Əslində Tramp da bunu dolayısı ilə dəfələrlə söyləyib. Ukrayna Prezidenti isə sözdə bununla barışmadığını desə də, reallıqda ərazi itkiləri ilə razılaşdığı görünür.
Ən pis sülh belə müharibədən yaxşıdır.
Əbu-Dabi görüşləri bütün hallarda təqdir edilməlidir. Çünki müharibənin davam etdiyi 5 ilə yaxın müddətdə tərəflər arasında bu qədər yaxın təmas olmayıb. Və bu təmasın ilk çalarları artıq görünməkdədir.
Belə ki, tərəflər razılaşıblar ki, yaxın zamanda Ukrayna ilə Rusiya arasında ən böyük əsir mübadiləsi aparılsın. Bu isə minlərlə ailənin göz yaşlarına, iztirablarına və əzablarına son vermək deməkdir.
Üstəlik təmaslar davam etsə, daha çox məsələdə razılaşma əldə edilə bilər. Bu da qanlı müharibəni tədricən sonlandırar.
Amma danışıqlar nəticəsiz də qala bilər. Çünki tərəflərin tələbləri və təklifləri qətiyyən üst-üstə düşmür. Sadəcə tərəflər öz sülh istəklərini, ABŞ isə sülhpərvərliyini nümayiş etdirir.
Bəs, bu istəklərin nə qədəri reallaşa bilər?
Bunu da yaxın zamanda görəcəyik.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































