
- A-
- A
- A+
Süni intellekt kino sənayesinə də daxil oldu: İlk serial təqdim edildi
Dünyanın aparıcı striminq platformalarından biri olan “Prime Video” tamamilə süni intellekt vasitəsilə yaradılmış ilk serialı təqdim edib.
Bizim.Media xəbər verir ki, “Qala divarları” adlı layihə Türkiyənin Ay Yapım prodüser şirkəti tərəfindən generativ süni intellekt texnologiyalarının köməyi ilə hazırlanıb.
Serial iki bölümdən ibarətdir və hər bölümün müddəti 17 dəqiqədir. Hadisələr XI əsrdə, tarixi Ələmut qalasında cərəyan edir. Süjetin mərkəzində qalanı ələ keçirməyə çalışan tarixi şəxsiyyət Həsən ibn Sabbah və onun tərəfinə çəkdiyi Azazil adlı döyüşçü dayanır.
Layihənin yayımlanması tənqidçilər arasında birmənalı qarşılanmayıb. Onlar serialın vizual effektlərinin qeyri-təbii olduğunu bildiriblər. Tənqidçilərin fikrincə, rəqəmsal personajlar mum fiqurlarını xatırladır, onların üz ifadələri və hərəkətləri təbii görünmür. Görüntülər isə bulanıq və günəş altında ərimiş plastik təsiri bağışlayır.
Serialda parlaq rənglərdən istifadə olunsa da, vizual materialın şablon effektlərlə həddindən artıq yükləndiyi qeyd edilib.
Qartalların qeyri-təbii dərəcədə iri planları, səhranın üzərindəki dolunay və qapı aralıqlarından süzülən parlaq günəş şüaları tənqidçilərin diqqətini çəkib.
Ay Yapım studiyası isə süni intellektin insan əməyini tamamilə əvəz etmədiyini vurğulayıb. Layihənin ssenarisini peşəkar ssenaristlər Kərəm Deren və Çesil Hazal Tenim yazıb, personajları isə peşəkar aktyorlar səsləndiriblər.
Studiya nümayəndələrinin sözlərinə görə, süni intellekt ənənəvi yaradıcılıq bacarıqlarından imtina etmək üçün deyil, bədii ideyanı gücləndirmək məqsədilə tətbiq olunub.
Sənaye mütəxəssisləri hesab edirlər ki, generativ süni intellektlə kino istehsalının hazırkı mərhələsi səssiz kinonun yaranma dövrünü xatırladır. Texnologiyalar sürətlə inkişaf edərək media biznesinin gələcəyini dəyişə bilər. Bununla belə, tamaşaçılar alqoritmlərin hələlik ekranda insan duyğularını və səmimi emosiyaları dolğun şəkildə əks etdirə bilməməsindən narahatdırlar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































