Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı Tayvana Amerika silahlarının satışının dayandırılmasını tələb edəcək.
Bizim.Media xəbər verir ki, Reuters bunu ABŞ-Çin sammiti ərəfəsində danışıqların gedişindən xəbərdar olan üç mənbəyə istinadən yazıb.
Mənbələrin məlumatına görə, Pekin 1982-ci ildə ABŞ və Çin arasında imzalanmış birgə kommünikeyə istinad edəcək. Həmin sənəddə Vaşinqton Tayvana silah satışını tədricən azaltmaq niyyətində olduğunu bildirmişdi.
Məlumata görə, Çin ABŞ-dan Tayvanın artıq sifariş etdiyi silahların tədarükünü də dayandırmağı xahiş edib.
ABŞ qanunvericiliyinə əsasən, Vaşinqton Tayvanı özünümüdafiə vasitələri ilə təmin etməlidir. ABŞ “vahid Çin” siyasətini dəstəkləyir və Tayvanın suverenliyi məsələsində rəsmi mövqe tutmur.
Tramp administrasiyası dekabr ayında Tayvana 11 milyard dollar dəyərində silah satışına dair sazişlər paketini təsdiqləyib. Təxminən 14 milyard dollar dəyərində ikinci paket isə bir neçə ay təxirə salınıb.
Mənbələrdən biri bildirib ki, Si Cinpin Trampla görüşdə Tayvanı ABŞ-Çin münasibətlərində təxribatçı və qeyri-sabitlik mənbəyi kimi təqdim edəcək. Bunun müqabilində Pekin Yaxın Şərqdəki müharibə ilə əlaqədar İrana təzyiq göstərilməsinə yardım təklif edəcək.
Xatırladaq ki, Si Cinpin 23-25 sentyabr tarixlərində Vaşinqtona səfər edərək Trampla danışıqlar aparmağı planlaşdırır.
Bizim.Media
































































































