Zelenski: “Ukrayna ultimatumlara hazır deyil, Putin dialoqa başlamalıdır”

Hazırda oxunan: Zelenski: “Ukrayna ultimatumlara hazır deyil, Putin dialoqa başlamalıdır”

63674

Ukrayna prezidenti Volodimir Zelenski Krım, eləcə də qondarma “Donetsk və Luqansk xalq respublikaları” ilə bağlı Rusiya ilə dialoqa hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.

Bir gün əvvəl Kreml bildirib ki, Rusiya Federasiyası Ukraynadakı “hərbi əməliyyatı” üç şərtlə dayandıracaq:

Kiyev Krımı Rusiyanın ərazisi kimi qəbul etməli, “DXR” və “LXR”nin müstəqilliyini tanımalı, həmçinin NATO-ya qoşulmaqdan imtina etməlidir.

Bu barədə “Kommersant” Ukrayna prezidentinin Amerikanın ABC teleşirkətinə müsahibəsini şərh edərkən yazıb.

Volodimir Zelenski müsahibəsində qeyd edib ki, Rusiya hakimiyyət orqanlarından başqa heç kim psevdorespublikaların müstəqilliyini tanımır. “Ancaq biz bu ərazilərin necə yaşayacağı ilə bağlı müzakirə edib kompromis tapa bilərik. Mənim üçün vacib olan Ukraynanın bir hissəsi olmaq istəyən insanların orada necə yaşayacaqlarıdır”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna “ultimatumlara hazır deyil”. O, əmindir ki, “Vladimir Putin danışmağa, dialoqa başlamalıdır”. 

Zelenskinin sözlərinə görə, onun rusiyalı həmkarı “informasiya köpüyündə yaşayır:

“Düşünürəm ki, o, bu köpüyün içindədir və biz onun əldə etdiyi məlumatın nə dərəcədə real olduğunu bilmirik".

Ukrayna lideri seçilmiş prezident olduğu üçün təslim olmağa hazır olmadığını bildirib. O, Qərb ölkələrinin ona Ukraynanı tərk etməyi təklif etdiyini təsdiqləyib, lakin o, bundan imtina edib.
Bundan əlavə, Zelenski Vladimir Putinin hərbi əməliyyatın Ukraynanı “denazifikasiya və demilitarizasiya” məqsədilə həyata keçirildiyi barədə sözlərini şərh edib. “Düşünürəm ki, bu halda denazifikasiya millətin məhvidir... Bu, təmiz nasizmdir, Ukrayna millətinin məhvidir. Necə ki, 1940-cı illərdə, Almaniya yəhudiləri denazifikasiya edərkən belə olub. Mən şokdayam, müasir dünyada bunu etməyin mümkün olduğunu düşünmürdüm”, - deyə Volodimir Zelenski əlavə edib.

Zelenski NATO mövzusunda da danışıb:

“NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra bu məsələyə marağımı itirdim. Alyans ziddiyyətli şeylərdən və Rusiya Federasiyası ilə qarşıdurmadan qorxur”.

O, həmçinin qeyd edib ki, Ukrayna “dizi üstə nə isə dilənən ölkə olmaq istəmir və biz belə ölkə olmaq fikrində deyilik, mən belə prezident olmaq istəmirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO