Eks Ukrayna prezidentləri Rusiyanın əməliyyatlarına hansı reaksiyanı verib? – ARAŞDIRMA  

Hazırda oxunan: Eks Ukrayna prezidentləri Rusiyanın əməliyyatlarına hansı reaksiyanı verib? – ARAŞDIRMA  

63180

Rusiyanın Ukraynada hərbi əməliyyatlara start verməsindən sonra yaranan böhran hal-hazırda bütün dünyanın diqqət mərkəzindədir. 

İndiki situasiyada Ukraynanın keçmiş prezidentlərinin məsələ ilə bağlı mövqeləri də böyük maraq doğurur. 

Bizim.Media-nın araşdırması nəticəsində məlub olub ki, 1992-ci ildə müstəqilliyini elan etmiş Ukraynada icra aparatına rəhbərlik etmiş şəxslər müharibə haqqında fərqli fikirlərlə yadda qalıblar. 

Leonid Kravçuk. 1992-94-cü illərdə Ukrayna Prezidenti olmuş Kravçuk milliyətçi baxışları və Qərbyönümlü mövqeyi ilə tanınıb.


Səhhəti ilə bağlı problemlər səbəbindən uzun müddət siyasətdən uzaq olan 88 yaşlı eks-prezidentin müharibə başladıqdan sonra hər hansı açıqlamasına da rast gəlmədik. Son olaraq, bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında gərginliyin artmasından narahtlığını dilə gətirən Kravçuk canını vətəninə sipər etməyə hazır olduğunu bildirib. 

Əlavə edək ki, Kravçuk 2021-ci ilin iyununda Zelenski tərəfindən Donbas münaqişəsinin nizama salınması üçün yaradılan xüsusi komissiyanın Ukrayna nümayəndə heyətinə rəhbər təyin edilib. 

Leonid Kuçma. 1994-2004-cü illərdə Ukraynaya rəhbərlik etmiş Kuçma Rusiyayönümlü siyasəti ilə məşhurlaşsa da, müharibə başladıqdan sonra verdiyi açıqlamada Rusiya hakimiyyətinə lənətlər yağdırıb. Kuçma ruslara müraciət edərək “Hitler dönəmindən sonrakı ən böyük müharibəyə alət olmayın”, - deyə çağırış edib. 


Onu da qeyd edək ki, Kuçma 2015-2019-cu illərdə Donbas münaqişəsinin nizama salınması üçün yaradılan xüsusi komissiyanın Ukrayna nümayəndə heyətinə rəhbərlik edib.  

Viktor Yuşenko. 2005-ci ildə narıncı inqilabdan sonra hakimiyyətə gələn Viktor Yuşenko da Avro-Atlantik məkana inteqrasiyanın tərəfdarı olub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sosial şəbəkə hesabından etdiyi paylaşımda Kremli təhqir etməkdən belə geri qalmayıb. Rəsmi Moskvanı “qondarma faşist rejimi” adlandıran Yuşenko Zelenskinin mübarizliyinə rəğbət göstərdiyini də qeyd edib. 


Viktor Yanukoviç. Sələfi olan Qərbyönümlü Yuşenkonu 2010-cu ildə əvəzləyən Viktor Yanukoviç hakimiyyəti dönəmində Rusiya ilə münasibətləri hər zaman ön planda tutub. 2014-cü ildə Maydan hadisələri ilə hakimiyyətdən göndərilən Yanukoviçin sonradan Rusiyaya sığındığı bəllidir. Sabiq prezidentin xüsusi olaraq mühafizə olunduğu Rusiya rəsmiləri tərəfindən də etiraf edilib. 


Uzun müddət mətbuatdan uzaq qaçan eks prezident haqqında son olaraq 2 gün öncə Ukrayna KİV-lərində Yanukoviçin Minskdə olduğu ilə bağlı məlumatın əldə olunduğu xəbərləri yayılıb.

Ən çox üzərində durulan versiyalardan biri Moskvanın Zelenskini devirmək planını reallaşdırdıqdan sonra Yanukoviçin hakimiyyətə gətirilməsinin planlaşdırıldığıdır. 

Pyotr Poroşenko. Maydan hadisələrindən sonra Ukrayna prezidenti olan Pyotr Poroşenko 2019-cu ilə qədər bu vəzifəni icra edib.


Hələ fevralın 22-də Rusiyanın Donetksk və Luqanskı müstəqil dövlət kimi tanımasından sonra, eks-prezident bunun müharibəyə gətirib çıxaracağını öz “facebook” hesabından yazıb. 

Bir neçə gün öncə isə, Poroşenko əlində silah bir qrup tərəfdarı ilə birgə Kiyevin müdafiəsinə qatıldığını elan edən video ilə gündəmə gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO