Rusiyanın daxili yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan aldığı benzin hələ də ölkənin yanacaqdoldurma məntəqələrinə və topdansatış bazarına çatmayıb.
Bizim.Media xəbər verir ki, “İnfoTEK”in sahə mənbələrinə istinadən yaydığı məlumata görə, Hindistan benzini Murmansk limanında qalıb.
Neft şirkətləri yanacağın satış qiyməti ilə bağlı razılığa gələ bilmədiyi üçün məhsul tankerdən boşaldılmır.
İdxalçılar benzinin tonunu 150 min rubla, yəni təxminən litri 111 rubla satmağı təklif edirlər. Bu qiymət Sankt-Peterburq birjasında AI-92 benzininin avqustun 13-dəki qiymətindən təxminən iki dəfə yüksəkdir.
Bloomberg-in məlumatına görə, Hindistan benzini daşıyan tanker avqustun 5-də Murmanska çatıb. Yanacaq “Rosneft”in 49 faiz paya sahib olduğu Nayara Energy zavodundan göndərilib.
İdxalçılar yüksək logistika xərclərini əsas səbəb kimi göstərirlər. Hindistandan Rusiyanın Arktika bölgəsinə yanacağın çatdırılması bir aydan çox vaxt aparır və daşınma zamanı benzinin bir tankerdən digərinə köçürülməsi də lazım gəlib.
Bizim.Media








































































































