Fransa Xarici İşlər Nazirliyi ölkənin Mərkəzi Afrika Respublikasındakı (MAR) səfiri Bruno Fuşenin (Bruno Foucher) gənc qadınları öz iqamətgahına dəvət edərək onlardan bəziləri ilə cinsi əlaqədə olduğu üzə çıxdıqdan sonra intizam araşdırmasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, Fuşe 2024-cü ilin yanvarından 2026-cı ilin martına qədər yaşı 20 ilə 30 arasında olan 30-a yaxın gənc qadını şəxsi mənzilinə dəvət edib və onların bəzilərinə gecəni orada qalmağı təklif edib.
Diplomatların təhlükəsizliyini təmin edən Fransa jandarmasının xüsusi təyinatlı bölməsi vəziyyətə reaksiya verərək xüsusi məruzə hazırlayıb. Bu məruzədən sonra Fransa XİN-i aprelin 7-dən 10-na qədər MAR-ın paytaxtı Bangedə yerindəcə yoxlama aparıb.
Müfəttişlər müəyyən ediblər ki, səfirin yanına ayda 15-dək gənc qadın gəlirmiş və bu ziyarətlər əsasən istirahət günlərinə təsadüf edirmiş. Dindirilmə zamanı Fuşe tələbə qızları qəbul etdiyini, onlara təhsilində kömək etmək istədiyini, şəxsi kitabxanasından və film kolleksiyasından istifadəyə şərait yaratdığını iddia edib. O, hətta onlardan birinin təhsil haqqını ödədiyini bildirib.
Lakin diplomat sonradan qızlardan ikisi ilə cinsi əlaqədə olduğunu etiraf edib.
Fransa XİN-in Baş Müfəttişliyi diplomatın davranışını uyğunsuz hesab edərək onun işdən çıxarılmasını tələb edib. Bildirilib ki, səfirin əməlləri Fransanın təhlükəsizliyinə, nüfuzuna və maraqlarına ciddi zərbə vurur.
Buna baxmayaraq, Fransanın xarici işlər naziri Jan-Noel Barro (Jean-Noël Barrot) Bangedə üç il çalışan səfiri işdən çıxarmağa hələ ki tələsmir.
Hesabat may ayından nazirin masasında olsa da, hələ rəsmi qərar verilməyib. Səfiri töhmət, dövlət qulluğundan kənarlaşdırılma və ya məcburi istefa gözləyir.
Bizim.Media
































































































