Dünyanın 32 ölkəsi və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas birgə bəyanat yayaraq İrandakı edam hökmlərini kəskin pisləyiblər.
Bizim.Media xəbər verir ki, bəyanat Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Dövlətlər rəsmi Tehranı bu cür cəza növünün tətbiqini dayandırmağa və "qanunsuz saxlanılan" bütün şəxsləri azad etməyə çağırıblar.
Bəyanatı Kanada, Albaniya, Avstriya, Avstraliya, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Monteneqro, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya imzalayıb.
"Fərqli düşüncəni boğmaq, icmaları qorxutmaq və öz insan hüquqlarını həyata keçirən fərdləri cəzalandırmaq üçün ölüm cəzasının tətbiqi heç vaxt doğrultula bilməz. İran xalqı öz ifadə azadlığı və dinc toplaşmaq hüquqlarından heç bir qorxu olmadan, maneəsiz istifadə edə bilməlidir", – deyə birgə bəyanatda vurğulanır.
Qeyd edək ki, BMT Yaxın Şərqdə münaqişənin gərginləşməsindən sonra İranda edamların sayının artdığını qeydə alıb.
Təşkilatın məlumatına görə, martın 19-dan bəri ölkədə milli təhlükəsizliyə təhdid maddələri ilə azı 56 nəfər edam edilib. Onlardan 27-si yanvar etirazlarında iştirak etdiyinə görə məkum olunub. 100-dən çox insan isə oxşar ittihamlarla hökm gözləyir.
Bizim.Media
































































































